Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni imkanlar yaradacaq
Ermənistan və Azərbaycan arasında sülh və regional əməkdaşlığın inkişafı Cənubi Qafqazda, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə “Euronews” telekanalının təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Vaşinqtonda əldə olunan razılaşmalar İrəvan və Bakı arasında münaqişənin sülh yolu ilə həlli istiqamətində real məzmun kəsb edib. Onun sözlərinə görə, hazırda əsas məsələ bu razılaşmaların institusional əsaslarını formalaşdırmaqdır.
Baş nazir 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanmış sülh müqaviləsinin imzalanmasının və ratifikasiyasının vacibliyini vurğulayıb.
Regional əməkdaşlığa toxunan Paşinyan Cənubi Qafqazı ümumi maraqların mövcud olduğu və ölkələrin birgə inkişaf strategiyası formalaşdıra biləcəyi vahid region kimi xarakterizə edib.
O, Gürcüstanla əməkdaşlığın yüksək səviyyədə olduğunu, Azərbaycanla isə ikitərəfli ticarət əlaqələrinin qurulduğunu bildirib. Baş nazir, həmçinin TRIPP layihəsinin həyata keçirilməsinin regional infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar açacağını qeyd edib.
Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh, TRIPP layihəsi və Ermənistan, Azərbaycan və Gürcüstan arasında, xüsusilə logistika sahəsində əməkdaşlıq qlobal təchizat zəncirlərindəki problemlərin aradan qaldırılmasına töhfə verə bilər.
O əlavə edib ki, bu proses Cənubi Qafqazın beynəlxalq arenadakı mövqeyinin dəyişməsinə şərait yaradacaq.
Baş nazir Mərkəzi Asiyanın regiona yaxınlığının və bölgənin qlobal əhəmiyyətinin artmasının da vacibliyini vurğulayıb. Onun fikrincə, yeni beynəlxalq ticarət marşrutunun yaradılması Avropa İttifaqı, Çin, Yaxın Şərq, Şimali Afrika və digər regionlar üçün əhəmiyyətli olacaq.