Gələn il sosial müavinətlərə ayrılan vəsait 281 milyon manata çatdırılacaq
2027-ci ildə bir sıra sosial müavinətlərin məbləği artırılacaq.
Operativ Media xəbər verir ki, 2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bu məbləğ cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 38 faiz və ya 77 milyon manat çoxdur.
Onun sözlərinə görə, büdcənin bu istiqaməti üzrə nəzərdə tutulan 77 milyon manatlıq artım gələn il bir sıra sosial müavinətlərin məbləğinin yüksəldilməsinə imkan verəcək.
Belə ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan 1500 manata, sığorta olunan şəxslərə 3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin 700 manatdan 936 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata çatdırılması proqnozlaşdırılır.
Musa Quliyev, həmçinin bildirib ki, sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər üçün 25 milyon manat vəsait nəzərdə tutulub.