Menyu

Yaponiya nüvə silahlarının ölkəyə gətirilməsinə icazə verə bilər

Operativ Media
Yaponiya nüvə silahlarının ölkəyə gətirilməsinə icazə verə bilər
1 dəq oxu
Yaponiya hökuməti milli təhlükəsizlik strategiyasında nüvə silahlarının ölkəyə gətirilməsinə qoyulan qadağaya istisna nəzərdə tutmağı müzakirə edir.
Operativ Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Müzakirə olunan təklifə əsasən, Yaponiya fövqəladə vəziyyətlərdə nüvə silahlarının ölkə ərazisinə gətirilməsinə icazə verə bilər. Söhbət Tokionun nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkəyə gətirməmək prinsiplərindən sonuncusuna istisna edilməsindən gedir. Bununla belə, üç qeyri-nüvə prinsipinin özünün yenidən nəzərdən keçirilməsi nəzərdə tutulmur.
Yaponiya hökuməti hesab edir ki, bu addım ABŞ-nin ölkəyə təqdim etdiyi nüvə müdafiə çətirinin effektivliyini artıra bilər. Təklif 2010-cu ildə xarici işlər naziri Katsuya Okadanın parlamentdə səsləndirdiyi mövqeyə uyğun gəlir.
Həmin vaxt Okada bildirmişdi ki, ölkənin təhlükəsizliyinə təhdid yarandığı fövqəladə hallarda göyərtəsində nüvə silahı olan ABŞ hərbi gəmilərinin Yaponiyaya daxil olmasına icazə verilməsi barədə qərarı həmin dövrdə hakimiyyətdə olan hökumət qəbul etməlidir. Bu açıqlama nüvə silahlarının ölkəyə gətirilməməsi prinsipindən kənara çıxmaq imkanı kimi qiymətləndirilmişdi.
Yaponiya hakimiyyəti sonrakı dövrlərdə də Okadanın mövqeyinə istinad edərək bu yanaşmanı təsdiqləyib. Həmin müddəanın milli təhlükəsizlik sənədlərinə daxil edilməsi isə hökumətin bu mövqeyə daha qəti şəkildə sadiq olduğunu göstərən addım kimi nəzərdən keçirilir.
Belə bir qərar qəbul ediləcəyi təqdirdə, nüvə silahlarının ölkə ərazisinə gətirilməsi üçün meyarlar, eləcə də Yaponiya və ABŞ tərəfinin qərarvermə prosedurları müəyyənləşdirilməlidir.
Qeyd edək ki, Yaponiyanın üç qeyri-nüvə prinsipi qanun qüvvəsinə malik deyil. Bu prinsiplər əvvəlcə hökumət qərarı, daha sonra isə parlamentin qətnaməsi ilə rəsmiləşdirilib.
Baş nazir Sanae Takaiçi hökumətinin bu prinsiplərə əməl etdiyini dəfələrlə bəyan etsə də, gələcəkdə də eyni siyasətin davam etdiriləcəyinə dair öhdəlik götürməkdən yayınır. Baş nazir seçilməzdən əvvəl isə o, ABŞ ilə hərbi ittifaqın nüvə komponentini gücləndirmək məqsədilə nüvə silahlarının ölkəyə gətirilməsinə qoyulan qadağanın yenidən nəzərdən keçirilməsini mümkün saymışdı.

Əlaqəli Xəbərlər