Sloveniya baş naziri: Azərbaycanın enerji potensialı Avropa üçün böyük əhəmiyyət daşıyır
Azərbaycanın Xəzər hövzəsindəki enerji ehtiyatları Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Operativ Media xəbər verir ki, bunu Sloveniyanın baş naziri Yanez Yanşa Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, 25 il əvvəl Avropanın enerji təchizatının şaxələndirilməsi və Rusiyadan asılılığının azaldılması məqsədilə irəli sürülən layihə uğrunda aparılan mübarizəni xatırladıb.
Baş nazir təəssüflə bildirib ki, həmin təşəbbüs uğurla nəticələnməyib. Onun sözlərinə görə, layihə həyata keçirilsəydi, bu gün Avropanın vəziyyəti tamamilə fərqli olardı.
Y.Yanşa vurğulayıb ki, Xəzər hövzəsinin zəngin enerji ehtiyatları Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. O, Azərbaycanın əhəmiyyətinin yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, ölkənin enerji potensialının da xüsusi rol oynadığını qeyd edib.
Baş nazir əlavə edib ki, enerji mənbələrinin Avropanın strateji muxtariyyətinə töhfə verməsi ümumi maraqlara uyğundur.