ASK-nın Baş katibi Brüsseldə keçirilən tədbirdə iştirak edib
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı Brüsseldə keçirilən Avropa İqtisadi və Sosial Komitəsinin (EESC) təşkilatçılığı ilə “Regional Connectivity: Economic and Social Perspectives” mövzusunda regional maraqlı tərəflərin hazırlıq görüşündə iştirak edib.
Operativ Media xəbər verir ki, görüşə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyənin işəgötürən təşkilatlarının, həmkarlar ittifaqlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də Avropa İttifaqının müvafiq qurumlarının təmsilçiləri qatılıblar.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi regional iqtisadi bağlantıların genişləndirilməsi, Orta Dəhlizin yaratdığı imkanlardan daha səmərəli istifadə və region ölkələrinin biznes təşkilatları arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məsələlərinə dair çıxış edib.
O, regional ticarətin inkişafı, gömrük prosedurlarının səmərəliliyinin artırılması, logistika imkanlarının genişləndirilməsi və sahibkarların yeni bazarlara çıxışının asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Ziya Hacılı Azərbaycanın Orta Dəhliz, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi strateji layihələr vasitəsilə regional bağlantıların inkişafına verdiyi töhfəni qeyd edərək, növbəti mərhələdə bu infrastruktur imkanlarının region sahibkarları arasında daha geniş iqtisadi əməkdaşlığa çevrilməsinin vacibliyini bildirib.
Görüşün kiçik və orta sahibkarlıq, ticarət, nəqliyyat və yerli iqtisadiyyatlara həsr olunmuş müzakirəsində Ziya Hacılı regional biznes əməkdaşlığının rəqəmsallaşdırılması ilə bağlı innovativ təşəbbüs irəli sürüb.