Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb
“2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb”.
Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib, əhalinin rifahı yüksəlib və dövlətin maliyyə imkanları genişlənib.
Onun sözlərinə görə, hazırda əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından səmərəli istifadə etməkdir.
S.Babayev bildirib ki, qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialının möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri olaraq qalır.
Maliyyə naziri əlavə edib ki, qlobal qeyri-müəyyənliklər və xarici bazarlardakı dəyişkənliklər fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə intizamını və dövlət maliyyəsinin dayanıqlılığını daha da aktuallaşdırır.
O vurğulayıb ki, büdcə siyasətinin əsas məqsədi iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır.