Nazir: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir
“Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edib, xarici dövlət borcunu təqribən 20 dəfə üstələyib və proqnozlaşdırılan illik ÜDM-in 110 faizinə bərabər olub”.
Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir. Onun sözlərinə görə, bu səviyyədə ehtiyatlar makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin mühüm təminatıdır.
S.Babayev bildirib ki, 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun real ifadədə 2,7 faiz artaraq 141 milyard manata çatacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4 faizinin və ya 109,1 milyard manatının qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir. Bu, 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə isə 4,4 faiz artım deməkdir.
Maliyyə naziri əlavə edib ki, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində 2027-ci ildə manatın məzənnəsinin 1,7 səviyyəsində, illik inflyasiyanın isə 5,3 faiz olacağı proqnozlaşdırılır.
O, həmçinin qeyd edib ki, gələn il “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiyməti 65 ABŞ dolları götürülüb. S.Babayevin sözlərinə görə, beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınaraq neftin qiymətinin proqnozlaşdırılmasında mühafizəkar yanaşma əsas götürülüb.