Sahil Babayev: Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur
“Azərbaycanın dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur”.
Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat və ya illik ÜDM-in 17,3 faizi səviyyəsində olub.
Onun sözlərinə görə, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula nisbətinin ən aşağı olduğu ölkələr sırasındadır. 2026–2030-cu illərdə dövlət borcunun ÜDM-in 20 faizi ətrafında saxlanılması nəzərdə tutulur.
S.Babayev bildirib ki, dövlət borcunun 16,2 milyard manatını və ya ümumi portfelin 68 faizini daxili, 7,7 milyard manatını və ya 32 faizini isə xarici dövlət borcu təşkil edir.
Nazir əlavə edib ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,6 il olması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının isə 44 faizə çatması borc portfelinin keyfiyyətinin yaxşılaşdığını göstərir.