Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində “Sea Breeze” ərazisində yerləşən “The Grand Hall”da “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, iştirakçı ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri və fəxri qonaqlar iştirak ediblər.
Nazir Fərid Qayıbov və federasiya prezidenti Əli Həşimli tədbirdə çıxış edərək idman rəqslərinin inkişafının, beynəlxalq əməkdaşlığın və Türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müsabiqədə Azərbaycan 🇦🇿, Türkiyə 🇹🇷, Qazaxıstan 🇰🇿, Özbəkistan 🇺🇿, Qırğızıstan 🇰🇬 və Macarıstandan 🇭🇺 olan idmançılar samba, ça-ça-ça, rumba, paso doble və cayv rəqsləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın qaliblərinə mükafatları Azərbaycanın tanınmış idmançıları, üçqat dünya, dördqat Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev, güləş üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədov və Federasiyanın vitse-prezidenti Rəsul Cunayev təqdim ediblər.
Tədbir iştirakçıların maraqlı çıxışları və yüksək rəqabət şəraitində yadda qalıb.