Menyu

İstifadəsiz torpaqlar ərzaq təhlükəsizliyinə necə təsir edir?

Ayşən Sadıxzadə
İstifadəsiz torpaqlar ərzaq təhlükəsizliyinə necə təsir edir?
2 dəq oxu

Ev təsərrüfatlarının uçotunun aparılması kənd təsərrüfatında mövcud vəziyyətin daha dəqiq qiymətləndirilməsi və torpaq ehtiyatlarından səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu uçot vasitəsilə hansı ailənin nə qədər torpaq sahəsinə malik olduğu, həmin torpaqların hansı hissəsindən faktiki istifadə edildiyi, hansı sahələrin əkildiyi, hansı torpaqların isə istifadəsiz qaldığı müəyyənləşdirilə bilər.

Bu sözləri Operativ Media-ya Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, bu məlumatlar kənd təsərrüfatında real vəziyyəti üzə çıxarmaqla yanaşı, torpaq resurslarının idarə olunmasında daha düzgün qərarların qəbul edilməsinə imkan yaradır:

“Azərbaycanda kənd təsərrüfatı torpaqlarının müəyyən hissəsinin istifadəsiz qalmasının müxtəlif səbəbləri var. Bəzi ailələrin torpağı becərmək üçün kifayət qədər maliyyə vəsaiti, texnikası və işçi qüvvəsi yoxdur. Digər hallarda suvarma imkanlarının məhdudluğu, torpaqların kiçik və pərakəndə sahələrə bölünməsi, fermerlərin bazara çıxış problemləri əkinçiliyə marağı azaldır. Ev təsərrüfatlarının uçotu bu problemlərin miqyasını və coğrafiyasını müəyyən etməyə kömək edə bilər. Məsələn, hansı rayonlarda torpaqların daha çox istifadəsiz qaldığını, bunun su çatışmazlığından, maliyyə imkanlarının məhdudluğundan, yoxsa digər səbəblərdən qaynaqlandığını müəyyənləşdirmək mümkün olar. Bu məlumatlar əsasında dövlət dəstəyi daha məqsədyönlü təşkil edilə bilər. Torpağını becərmək istəyən, lakin texnika və maliyyə imkanları olmayan ailələrə güzəştli kreditlər, subsidiya, texniki xidmət və digər dəstək mexanizmləri təklif oluna bilər. İstifadəsiz torpaqların icarəyə verilməsi, birgə təsərrüfatların yaradılması və kooperasiya mexanizmlərinin genişləndirilməsi də bu baxımdan əhəmiyyətlidir. Çünki kiçik torpaq sahələrinə malik ailələrin ayrı-ayrılıqda istehsal aparması həmişə iqtisadi cəhətdən səmərəli olmur. Birgə fəaliyyət isə texnikadan, suvarma sistemlərindən və digər resurslardan daha səmərəli istifadə etməyə şərait yaradır.

Digər mühüm məsələ torpaqların təyinatına və yerli şəraitə uyğun istifadəsidir. Uçot məlumatları hansı ərazilərdə hansı məhsulların yetişdirilməsi üçün daha əlverişli imkanların olduğunu müəyyənləşdirməyə, əkin strukturunun düzgün planlaşdırılmasına kömək edə bilər. Bu, həm məhsuldarlığın artırılması, həm də bazarda müəyyən kənd təsərrüfatı məhsullarının qıtlığının qarşısının alınması baxımından vacibdir.

Ancaq nəzərə almaq lazımdır ki, torpaqların uçotunun aparılması özlüyündə onların istifadəyə qaytarılması demək deyil. Əsas məsələ əldə edilən məlumatların real iqtisadi tədbirlərə çevrilməsidir. Əgər ailənin torpağı var, lakin onu becərmək üçün suyu, texnikası, maliyyəsi və məhsulunu satmaq imkanı yoxdursa, sadəcə uçot aparmaqla həmin torpağı iqtisadi dövriyyəyə qaytarmaq mümkün olmayacaq. Buna görə də uçot nəticələri konkret dəstək proqramları ilə əlaqələndirilməlidir.

Ümumilikdə, ev təsərrüfatlarının uçotu kənd təsərrüfatında gizli və ya tam istifadə olunmayan istehsal potensialının üzə çıxarılmasına imkan verir. Bu məlumatlar düzgün təhlil edildikdə həm istifadəsiz torpaqların əkin dövriyyəsinə qaytarılmasına, həm ailə təsərrüfatlarının gəlirlərinin artmasına, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verə bilər”.

Əlaqəli Xəbərlər