Ceyhun Bayramov: Azərbaycan və Litva arasında daha 7 sənəd hazırlanır
Azərbaycan və Litva arasında strateji əməkdaşlığın inkişafı istiqamətində birgə bəyannamə imzalanıb. Sənəd iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm addım hesab olunur.
Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Litva arasında siyasi dialoq, liderlər səviyyəsində təmaslar və qarşılıqlı səfərlər münasibətlərin inkişafında mühüm rol oynayır. O, iki ölkə arasında siyasi məsləhətləşmələrin də müntəzəm keçirildiyini vurğulayıb.
Ceyhun Bayramov bildirib ki, hazırda Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur, daha 7 sənəd üzrə isə işlər davam etdirilir.
O, iki ölkə arasında mövcud ticarət dövriyyəsinin potensialı tam əks etdirmədiyini, qarşılıqlı iqtisadi maraqların daha geniş olduğunu diqqətə çatdırıb.
Xarici işlər naziri Litva nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində biznes forumda iştirakının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, forum iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, qarşılıqlı investisiya imkanlarının və əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından faydalıdır.
Ceyhun Bayramov qeyd edib ki, tərəflər Azərbaycan və Litva arasında işgüzar əlaqələrin inkişafına, biznes dairələri arasında təmasların artırılmasına və bu istiqamətdə əlavə dəstək imkanlarının müəyyənləşdirilməsinə çalışacaqlar.