Menyu

Ruslan Əmircanov: "Sabah" ilk dəqiqələrdə təzyiqə tab gətirməlidir"

Operativ Media
Ruslan Əmircanov: "Sabah" ilk dəqiqələrdə təzyiqə tab gətirməlidir"
2 dəq oxu

"Barselona" nə qədər güclü komanda olsa da, mən öz doğma Azərbaycan komandamıza azarkeşlik edəcəyəm. Futboldur, sensasiyalarla dolu idman növüdür, hər şey ola bilər".

Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov "Sabah" - "Barselona" oyunu haqda danışarkən deyib.

O, Kataloniya təmsilçisinin oyun üslubuna diqqət çəkib: "Barselona" oyun tempi və futbolçularının potensialı baxımından yüksək səviyyəli komandadır. Çox güman ki, oyunda təşəbbüs onun tərəfində olacaq. "Sabah" isə belə güclü rəqibə qarşı müdafiədə kompakt oynamalı, boşluqlara yol verməməlidir. Əsas şanslarımız əks-hücumlardan və standart vəziyyətlərdən yarana bilər".

Əmircanov "Barselona"nın qarşılaşmanın ilk dəqiqələrindən təzyiq göstərə biləcəyini bildirib:

"Ən böyük təhlükələrdən biri odur ki, "Barselona" elə ilk 10-15 dəqiqədə yüksək temp göstərsin və hesabda önə keçsin. Bundan sonra oyun boyu topa nəzarət edərək daha rahat çıxış edə bilər. Ona görə də "Sabah" ilk dəqiqələrdən bu təzyiqə tab gətirməlidir".

Sabiq futbolçu müdafiədə intizamın vacibliyini də vurğulayıb:

"Komanda səhvlərə yol verməməli, kompakt oynamalı, müdafiə və yarımmüdafiə xətləri arasında boşluqlar yaratmamalıdır. Çünki "Barselona" belə imkanlardan yüksək səviyyədə yararlanır".

Onun sözlərinə görə, "Sabah"ın qol imkanları çox olmaya bilər və yaranan fürsətləri dəyərləndirmək vacibdir:

"Belə oyunlarda 90 dəqiqə ərzində iki, bəlkə də bir-üç qol epizodun ola bilər. Həmin imkanlardan maksimum yararlanmalısan ki, onları qola çevirə biləsən".

Əmircanov doğma azarkeşlərin dəstəyinin "Sabah" üçün əhəmiyyətli olacağını qeyd edib:

"60 minlik stadionun ən azı 45-50 min yerinin dolması yaxşı olardı. Doğma azarkeşlər qarşısında "Sabah" rəqibə müqavimət göstərəcək. Ümid edirəm ki, futbolçular və azarkeşlər bu oyunda özlərinin ən yaxşı keyfiyyətlərini ortaya qoyacaqlar".

Sabiq milli üzvü sonda "Barselona"nın güclü komanda olduğunu bir daha vurğulasa da, futbolda hər şeyin mümkünlüyünü bildirib:

"Nə qədər güclü komanda olsa da, heç kim Çempionlar Liqasında rəqibini asanlıqla məğlub etmir. Mən öz doğma Azərbaycan komandamıza azarkeşlik edəcəyəm ki, yaxşı oyun nümayiş etdirsin və Allahın köməyi ilə istədiyimiz nəticəni qazansın. Futboldur, sensasiyalarla dolu idman növüdür. Hər şey ola bilər. Nəticəni əvvəlcədən demək düzgün deyil".

Əlaqəli Xəbərlər