Menyu

Xroniki ağrılar həyat keyfiyyətini necə aşağı salır?

Ayşən Sadıxzadə
Xroniki ağrılar həyat keyfiyyətini necə aşağı salır?
1 dəq oxu

Xroniki ağrı dedikdə, üç aydan artıq davam edən və ya mütəmadi təkrarlanan ağrılar nəzərdə tutulur. Ən çox rast gəlinən xroniki ağrılar baş, boyun və əzələ ağrılarıdır.

Bu sözləri Operativ Media-ya nevroloq Rəna Abbasova deyib. 

O bildirib ki, xroniki ağrı ilə psixoloji sağlamlıq arasında sıx əlaqə var. Bəzən həkimlər xəstələrə ağrılarının psixogen və ya əsəb mənşəli olduğunu bildirirlər. Lakin bu, xəstənin real ağrı hiss etmədiyi anlamına gəlmir. Ağrı həqiqətən mövcuddur. Sadəcə, uzun müddət davam etdiyi üçün insanda ikincili olaraq həyəcan, təşviş, qorxu və yorğunluq yaranır. İnsan hər səhər eyni ağrı ilə oyanır və bu vəziyyət onun əmək qabiliyyətinə, gündəlik fəaliyyətinə və həyat keyfiyyətinə mənfi təsir göstərir:

“Xroniki ağrı sindromu diaqnozu qoyulduqda, digər mümkün səbəblər araşdırıldıqdan sonra müalicə planına uyğun olaraq antidepressantlardan da istifadə oluna bilər. Bəzi xəstələr bu dərmanları qəbul etməkdən imtina edirlər. Lakin müalicənin gecikdirilməsi vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Çünki zaman keçdikcə yalnız ağrı deyil, xəstənin psixoloji vəziyyəti də pisləşir.

Uzunmüddətli ağrı fonunda beyində neyrotransmitter sistemində dəyişikliklər baş verə bilər. Bu da əhval-ruhiyyəyə, təşviş və həyəcan səviyyəsinə təsir göstərir. Nəticədə xəstənin həm öz həyatına, həm də ətrafındakı insanlarla münasibətlərinə mənfi təsir yaranır. Bəzi hallarda yuxu və davranış pozuntuları da müşahidə olunur.

Ona görə də xroniki ağrı sindromu müəyyən edildikdə, vaxtında və düzgün müalicəyə başlamaq vacibdir. Müalicənin məqsədi yalnız fiziki ağrını aradan qaldırmaq deyil, həm də onun psixoloji sağlamlığa təsirinin qarşısını almaqdır.

Bəzən xəstəlik o qədər irəliləyir ki, ağrı aradan qaldırılsa belə, insanda yenidən ağrının yaranacağı ilə bağlı qorxu, həyəcan və təşviş davam edir. Bu səbəbdən xroniki ağrıya yalnız fiziki problem kimi yanaşmaq düzgün deyil”.

Əlaqəli Xəbərlər