Qoxu və dadbilmənin pozulması: səbəblər və bərpa prosesİ
Qoxu və dad hissinin itməsi və ya zəifləməsi bəzən sadə burun tıxanıqlığı ilə əlaqəli olsa da, bəzi hallarda daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Xüsusilə qrip və COVID-19 kimi virus infeksiyalarından sonra yaranan qoxu itkisi uzun müddət davam edə bilər. Bu səbəbdən problemin səbəbini vaxtında müəyyənləşdirmək və düzgün müalicə aparmaq vacibdir.
Bu sözləri Operativ Media-ya tibb elmləri üzrə fəlsəfə doktoru, lor estetik cərrah Kamil Cəfərov deyib.
O bildirib ki, qəbula gələn pasiyentlərin çoxu eyni şikayətlə müraciət edir: artıq bir neçə aydır nə yeməklərin dadını hiss edir, nə də sevdikləri ətirlərin qoxusunu ala bilirlər:
“İlk baxışdan sadə narahatlıq kimi görünsə də, qoxu və dadbilmənin pozulması (anosmiya və hiposmiya) yalnız həyat keyfiyyətini aşağı salmır, həm də bəzən orqanizmdə gedən müəyyən proseslərin ilkin əlaməti ola bilər.
Bu şikayətlə müraciət edən pasiyentləri əsasən iki qrupa ayırmaq mümkündür.
Birinci qrupa qoxu hissinin mexaniki maneə səbəbindən pozulduğu şəxslər daxildir. Belə hallarda sinir ucları sağlam olur, lakin qoxu molekulları burunun yuxarı hissəsində yerləşən qoxu reseptorlarına çata bilmir.
Məsələn, ötən ay 47 yaşlı bir pasiyent iki ildir qoxu hissinin olmaması şikayəti ilə müraciət etmişdi. Daha əvvəl başqa bir tibb müəssisəsində ona müxtəlif vitaminlər və burun damcıları təyin edilmişdi, lakin müsbət nəticə əldə olunmamışdı. Endoskopik müayinə zamanı burun boşluğunun yuxarı hissəsində kiçik poliplər və xroniki sinusit aşkarladıq. Düzgün yerli iltihabəleyhinə müalicə və cərrahi müdaxilə ilə maneəni aradan qaldırdıqdan üç həftə sonra pasiyent ilk dəfə kofe qoxusunu hiss etdiyini bildirdi. Onun sevincini sözlə ifadə etmək çətin idi.
İkinci qrupa isə sinir və reseptor zədələnməsi ilə əlaqəli hallar daxildir. Bu, xüsusilə qrip və COVID-19 kimi kəskin respirator virus infeksiyalarından sonra müşahidə olunur. Virus qoxu sinirinin ətrafındakı dəstək hüceyrələrini zədələyə bilər.
Belə pasiyentlər çox vaxt burunlarının açıq olduğunu, rahat nəfəs aldıqlarını, lakin qoxu hisslərinin bərpa olunmadığını bildirirlər. Dadbilmənin itməsi də əksər hallarda qoxu pozuntusu ilə əlaqədardır. Çünki yeməklərin ləzzətini hiss etməyimizdə dilin dad reseptorları ilə yanaşı, burunun arxa hissəsinə çatan qoxu siqnalları da mühüm rol oynayır.
Bərpa prosesində ən böyük səhvlərdən biri problemin öz-özünə keçəcəyini düşünərək aylarla gözləmək və ya həkim nəzarəti olmadan damar daraldıcı burun damcılarından istifadə etməkdir. Bu damcıların uzunmüddətli və nəzarətsiz istifadəsi burun selikli qişasında quruluğa və dərman mənşəli rinitə səbəb ola bilər.
Sinir mənşəli qoxu itkisinin bərpasında elmi tədqiqatlarla dəstəklənən üsullardan biri qoxu məşqləridir (Olfactory Training).
Bu üsulun tətbiqi zamanı pasiyentlərə gündə iki dəfə – səhər və axşam dörd fərqli, xarakterik qoxuya malik təbii efir yağını, adətən qızılgül, evkalipt, limon və mixək qoxularını 15-20 saniyə ərzində hiss etməyə çalışmaq tövsiyə olunur. Burada əsas məqsəd yalnız qoxunu duymaq deyil, eyni zamanda həmin qoxunu yaddaşda canlandırmaq və beynin qoxu ilə bağlı sinir yollarını stimullaşdırmaqdır.
Əgər iki həftədən artıq müddətdə qoxu və dad hissində azalma, yaxud yanlış qoxu hiss etmə (məsələn, ət və yumurta kimi qidaların pis qoxu verməsi – parosmiya) müşahidə olunursa, vaxt itirmədən LOR həkiminə müraciət etmək lazımdır. Endoskopik müayinə problemin səbəbinin müəyyənləşdirilməsinə kömək edir. Erkən diaqnostika və düzgün müalicə bərpa imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
