Menyu

Burunaçıcı spreylərin uzunmüddətli istifadəsi hansı fəsadlara səbəb olur?

Ayşən Sadıxzadə
Burunaçıcı spreylərin uzunmüddətli istifadəsi hansı fəsadlara səbəb olur?
2 dəq oxu

Soyuq havaların başlaması, qapalı məkanlarda havanın quruması və mövsümi infeksiyalar burun tutulması şikayətlərini artırır. Təəssüf ki, bir çox insan bu zaman həkimə müraciət etmək əvəzinə, apteklərdən reseptsiz satılan burunaçıcı spreylərdən istifadə edir. İlk günlərdə rahat nəfəs almağa kömək edən bu preparatlar uzun müddət və nəzarətsiz istifadə edildikdə ciddi problemlərə yol aça bilər.

Bu sözləri Operativ Media-ya tibb elmləri üzrə fəlsəfə doktoru, LOR estetik cərrah Kamil Cəfərov deyib.

O bildirib ki, Klinik təcrübədə aylarla, hətta illərlə burunaçıcı spreylərdən istifadə edən pasiyentlərə tez-tez rast gəlir:

“Tibbdə bu vəziyyət dərman mənşəli rinit (rhinitis medicamentosa) adlanır.

Ksilometazolin, oksimetazolin və nafazolin tərkibli spreylər burun selikli qişasındakı qan damarlarını daraldaraq şişkinliyi azaldır və nəfəsalmanı müvəqqəti asanlaşdırır. Lakin bu preparatlar problemin səbəbini aradan qaldırmır, yalnız simptomları yüngülləşdirir. Təsirləri bitdikdən sonra damarlar yenidən genişlənir, burun tutulması isə təkrarlana, hətta daha da şiddətlənə bilər.

Tövsiyə olunan istifadə müddəti adətən 3–5 günlə məhdudlaşır. Bu müddətin aşılması bir sıra fəsadlara səbəb ola bilər. İlk növbədə, dərmanın təsiri keçdikdən sonra burun əvvəlkindən daha çox tutulur və insan yenidən sprey istifadə etməyə məcbur qalır. Beləliklə, təkrarlanan tutulma və sprey istifadəsi arasında qapalı dövr yaranır.

Uzunmüddətli istifadə burun selikli qişasının təbii müdafiə mexanizmini zəiflədir. Nəticədə quruluq, yanma, qıcıqlanma, qabıqlanma və təkrarlanan burun qanaxmaları meydana çıxa bilər. Xroniki şişkinlik isə hava axınını məhdudlaşdıraraq qoxu hissinin zəifləməsinə səbəb ola bilər.

Bu vəziyyət narkotik asılılığı ilə eyni olmasa da, fizioloji asılılıq mexanizmi ilə inkişaf edir. Əvvəlcə gündə bir neçə dəfə istifadə edilən spreyə ehtiyac zamanla arta, insan hər 2–3 saatdan bir ondan istifadə etməyə başlaya bilər. Gecələr burun tutulmasına görə oyanmaq və spreysiz nəfəs ala bilməmək problemin dərinləşdiyini göstərir.

Bu asılılıqdan qurtulmaq üçün ilk növbədə burun tutulmasının əsas səbəbi müəyyənləşdirilməlidir. Bəzi hallarda problemin arxasında burun çəpərinin əyriliyi, burun balıqqulaqlarının böyüməsi, allergik rinit və ya xroniki sinusit dayanır.

Müalicə zamanı burunaçıcı spreyin birdəfəlik və ya mərhələli şəkildə dayandırılması, duzlu məhlullarla burunun yuyulması və həkim göstərişi ilə yerli steroid spreylərdən istifadə nəzərdə tutula bilər. Müalicə planı problemin səbəbinə və ağırlıq dərəcəsinə uyğun müəyyən edilir.

Sevindirici haldır ki, burun selikli qişası özünü bərpa etmək qabiliyyətinə malikdir. Düzgün müalicə ilə dərman mənşəli rinitin yaratdığı dəyişikliklərin əksəriyyəti aradan qalxa bilər. Lakin uzunmüddətli istifadə nəticəsində yaranan problemlərin bərpası vaxt tələb edə bilər. Buna görə də burunaçıcı spreylərdən həkim məsləhəti olmadan uzun müddət istifadə etmək olmaz”.

Səhər 8 ə qoyum?

Əlaqəli Xəbərlər