NATO-nun müdafiə rəhbərləri Osloda illik hərbi konfrans keçirəcək
NATO-nun müdafiə rəhbərləri sentyabrın 15-17-də Norveçin Oslo şəhərində illik Hərbi Komitə Konfransını keçirəcəklər.
"Operativ Media" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti bəyanat yayıb.
"Norveç Silahlı Qüvvələrinin rəisi general Erik Kristoffersenin dəvəti ilə NATO-nun müdafiə rəhbərləri sentyabrın 15-dən 17-dək Osloda illik Hərbi Komitə Konfransı üçün bir araya gələcəklər. Gündəlik alyansın çəkindirmə və müdafiə mövqeyinin gücləndirilməsinə yönələcək", - bəyanatda deyilir.
Bəyanatda Osloda keçiriləcək görüşün əsas mövzusunun NATO-nun regional planları olacağı da vurğulanıb: "Strateji Konsepsiyada və NATO Hərbi Strategiyasında təsvir olunan iki təhlükənin qarşısını almaq və ondan müdafiə olunmaq üçün nəzərdə tutulmuş spesifik planlar: Rusiya və terror qruplarına qarşı mübarizə barədə danışacaqlar".