Ərdoğan G20 Liderlər Zirvəsində iştirak etmək üçün Hindistana gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək 18-ci G20 Liderlər Zirvəsində iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb.
Məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” ana mövzusu altında keçiriləcək üç sessiyada fikir mübadiləsi aparacaqlar.
Prezident Ərdoğanın G20 liderləri ilə, həmçinin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə də görüşləri gözlənilir.
Ərdoğan 17-21 sentyabr tarixlərində ABŞ-nin Nyu-York şəhərində keçiriləcək BMT-nin 78-ci Baş Assambleyasına da qatılacaq.
ABŞ-yə səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış edəcək Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, Suriya, Fələstin və ŞKTC ilə bağlı son yaşananlar, terrorla mübarizə, qaçqın problemi və digər mövzuları ələ alacağı gözlənilir.