İranda hicab tələbinə tabe olmadığı üçün saxlanılan və polis nəzarətində dünyasını dəyişən 22 yaşındakı Məhsa Əminin atası Emced Əminiyə qarşı sui-qəsdə cəhd edilib, ancaq qarşısı alınıb. Sui-qəsd sentyabrın 14-də, Məhsa Əminin ölümünün ildönümündə baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, Kürdüstan vilayətinin qubernatorunun müavini Mehdi Ramazani sui-qəsd cəhdi ilə bağlı açıqlama verib.
Ramazani deyib: "Terror təşkilatlarına bağlı bir neçə şəxsin Ayçi qəbiristanlığına gedən yolda Məhsa Əminin atası Emced Əminiyə sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə alınıb və həmin şəxslər yaxalanıb".
İRNA sui-qəsd cəhdini "terror hücumu" kimi qiymətləndirib.