ABŞ İranın Kəşfiyyat Nazirliyinə və keçmiş prezidentinə sanksiya tətbiq edib
Vaşinqton İranın keçmiş prezidenti Mahmud Əhmədinejada (2005-2013) və ölkənin Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden açıqlayıb.
ABŞ liderinin bəyanatında deyilir: "Bu gün biz keçmiş prezident Mahmud Əhmədijada və İranın Kəşfiyyat Nazirliyinə qarşı qanunsuz həbslərdə iştirak etdiklərinə görə sanksiyalar tətbiq edirik".
Bayden eyni zamanda Tehranı ABŞ vətəndaşı Robert Levinsonun başına gələnlər barədə tam məlumat verməyə çağırıb və qeyd edib ki, Vaşinqton İran tərəfindən saxlanılan beş amerikalının ABŞ-yə qaytarılmasına sevinsə də, Vaşinqton hər şeyi xatırlayır.
Qeyd edək ki, Levinson 2007-ci ilin martında İrana səfəri zamanı yoxa çıxıb və sonuncu dəfə Kiş adasında görünüb. Vaşinqton əvvəlcə həmin şəxsin İrana şəxsi işgüzar səfərə gəldiyini iddia edib. Lakin 2013-cü ildə Associated Press xəbər agentliyi jurnalist araşdırması zamanı Levinsonun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə İranda olduğunu müəyyən edib.