Sky: İsrailin Hələbin ətrafına hücumu nəticəsində ölənlərin sayı 44-ə çatıb
İsrail Hərbi Hava Qüvvələrinin Hələb şəhəri yaxınlığında (Dəməşqdən 360 km məsafədə) hərbi hədəflərə raket hücumları nəticəsində ölənlərin sayı 44-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dubayda (BƏƏ) yayımlanan "Sky news - Arabiya" kanalı məlumat yayıb.
Hücum Suriya ordusunun tərəfində vuruşan Hizbullaha məxsus silah anbarlarını hədəf alıb. Telekanalın məlumatına görə, Hizbullah sıralarında itkilər 7 döyüşçü təşkil edib.
Bundan əvvəl hərbçilər və mülki şəxslər də daxil olmaqla 42 nəfərin öldüyü bildirilirdi.
Şahidlərin dediyinə görə, İsrailin Hələbin cənub-şərqindəki Neirab beynəlxalq hava limanı yaxınlığındakı Cibrin bölgəsinə basqından sonra bir sıra güclü partlayış səsləri eşidilib.