Gənclərin xaricə köçmək istəyi: səbəblər və yerli imkanlar - TƏHLİL
Gənclərin xaricə köçmək, başqa ölkələrdə təhsil almaq və karyera qurmaq istəyi müasir dövrdə aktuallığını qoruyan məsələlərdəndir. Daha yüksək əməkhaqqı, geniş iş imkanları, keyfiyyətli təhsil, peşəkar inkişaf və müstəqil həyat qurmaq arzusu gənclərin xaricə üz tutmasına təsir edən əsas amillər sırasında yer alır. Bununla yanaşı, bu qərarın arxasında yalnız iqtisadi səbəblər deyil, həm də psixoloji gözləntilər, sosial mühitdən narazılıq, gələcəklə bağlı qeyri-müəyyənlik və insanın öz potensialını reallaşdırmaq istəyi dayana bilər.
Bəzi gənclər xaricdə təhsil alaraq bilik və təcrübələrini artırmaq, daha sonra Azərbaycana qayıdaraq qazandıqları təcrübəni ölkənin inkişafına yönəltmək istəyirlər. Digərləri isə xaricdə yaşamağı uzunmüddətli seçim kimi nəzərdən keçirir. Xüsusilə təhsilini başa vuran gənclərin iş tapmaq, layiqli gəlir əldə etmək, mənzil sahibi olmaq və müstəqil həyat qurmaqla bağlı qarşılaşdıqları çətinliklər onların gələcək planlarına təsir göstərə bilər. Əməkhaqqı ilə gündəlik yaşayış xərcləri arasındakı uyğunsuzluq, karyera imkanları və sosial təminatla bağlı gözləntilər də bu qərarın formalaşmasında rol oynayır.
Məsələnin digər tərəfi isə gənclərin xaricdəki həyat haqqında təsəvvürləri ilə bağlıdır. Sosial şəbəkələrdə başqa ölkələrdəki həyatın əsasən uğur, yüksək gəlir və rahatlıq üzərindən təqdim olunması gənclərdə müqayisə meyli yarada bilər. Lakin xaricdə yaşamaq hər zaman gözləntilərin reallaşması demək deyil. Yeni mühitə uyğunlaşmaq, ailədən və yaxınlardan uzaq qalmaq, dil baryeri, yaşayış xərcləri və iş tapmaq çətinlikləri də bu seçimin nəzərə alınmalı tərəflərindəndir.
Gənclərin xaricə köçmək istəyinin artması təkcə fərdi seçim kimi deyil, ölkənin gələcək inkişafı baxımından da müzakirə olunmalıdır. Xüsusilə dövlət proqramları çərçivəsində xaricdə təhsil alan gənclərin əldə etdikləri bilik və bacarıqlarla Azərbaycana qayıtması, burada iş və karyera imkanları əldə etməsi mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, ölkədə gənclər üçün yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi, əmək bazarında şəffaflığın təmin edilməsi və müstəqil həyat qurmaq imkanlarının genişləndirilməsi onların gələcəyə inamını gücləndirə bilər.
Bəs gənclərin xaricə köçmək istəyinin arxasında hansı psixoloji və sosial səbəblər dayanır? Xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtmasını təşviq etmək üçün hansı addımlar atılmalıdır? Gənclərin ölkədə qalaraq öz potensiallarını reallaşdırmaları üçün hansı imkanlar yaradılmalıdır?
Mövzu ilə bağlı Operativ Media-ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov danışıb.
O bildirib ki, dövlətimizin xaricdə təhsillə bağlı proqramı gənclərimizin xarici ölkələrdə təhsil alması baxımından çox önəmlidir. Hər il çoxlu sayda tələbə bu proqram çərçivəsində xaricdə təhsil almağa göndərilir. Lakin bəzi gənclərin təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıtmaması ciddi narahatlıq doğuran məsələdir:
“Mən hesab edirəm ki, xaricdə təhsil alan gənclər üçün xüsusi proqram hazırlanmalı və bu istiqamətdə ciddi addımlar atılmalıdır. Çünki həmin gənclərə xarici ölkələrdə yüksək əməkhaqqı təklif olunur və bu da onların Azərbaycana qayıtmaq istəyinə təsir göstərir. Buna görə də onların ölkəmizdə işləməsi və layiqli şəkildə təmin olunması məsələsinə daha həssas yanaşmalıyıq.
Azərbaycana qayıdan gənclərə yeni imkanlar yaradılmalı, onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Bu gənclər xaricdə təhsil alaraq özlərini inkişaf etdirir, bilik və təcrübə qazanırlar. Biz də onların əldə etdikləri bilik və bacarıqlardan ölkəmizin inkişafı naminə səmərəli istifadə etməliyik.
Bunun üçün sistemli yanaşma olmalı, gənclərin ixtisaslarına, təcrübələrinə və bacarıqlarına uyğun işlə təmin edilməsi məsələsi hərtərəfli şəkildə həllini tapmalıdır. Əsas məqsədimiz onların Azərbaycana qayıtdıqdan sonra iş tapmaqda ciddi çətinliklərlə üzləşməməsi və ölkəmizdə öz karyeralarını qurmaq imkanına sahib olmasıdır. Bu istiqamətdə xüsusi proqramın hazırlanması vacibdir”.
Psixoloq Leyla Əli isə qeyd edib ki, gənclərin xaricə köçmək istəyi yalnız maddi imkanlarla deyil, həm də bir sıra psixoloji amillərlə bağlıdır:
“Bu qərarın arxasında şəxsi inkişaf, daha yaxşı gələcək qurmaq arzusu, özünü reallaşdırmaq ehtiyacı və mövcud şəraitdən narazılıq dayana bilər. Gənclər gələcəklə bağlı qeyri-müəyyənlik yaşadıqda, əməyinin qarşılığını almayacağını düşündükdə və öz potensialını reallaşdırmaq üçün kifayət qədər imkan görmədikdə xaricdə yaşamağı alternativ yol kimi qiymətləndirirlər.
Sosial şəbəkələr də bu prosesə təsirsiz ötüşmür. Xaricdəki həyatın əsasən gözəl məkanlar, yüksək gəlir, rahatlıq və uğur üzərindən təqdim olunması gənclərdə müqayisə meyli yaradır. Onlar başqalarının həyatının görünən tərəfi ilə öz gündəlik çətinliklərini müqayisə edərək yaşadıqları mühitdən narazılıq duya bilərlər. Halbuki sosial mediada təqdim olunan həyat çox vaxt reallığın yalnız müəyyən hissəsini əks etdirir. Xaricdə yaşamağın çətinlikləri, tənhalıq, uyğunlaşma problemləri və emosional yükü hər zaman görünmür.
Gənclərin gələcəyə inamını gücləndirmək üçün yalnız onları ölkədə qalmağa çağırmaq kifayət deyil. Onların təhsil, peşəkar inkişaf, iş imkanları və müstəqil həyat qurmaqla bağlı real perspektivləri olmalıdır. Gənclərin fikirlərinə dəyər verilməsi, təşəbbüslərinin dəstəklənməsi, cəmiyyətdə özlərini faydalı və güvənli hiss etmələri də mühüm rol oynayır.
Nəticə etibarilə, gənclərin xaricə köçmək istəyini yalnız ölkədən narazılıq kimi qiymətləndirmək düzgün deyil. Bu istək bəzən inkişaf arzusundan, bəzən isə gələcəklə bağlı narahatlıqdan qaynaqlanır. Əsas məsələ gəncləri seçimlərindən çəkindirmək deyil, onların gələcəklərini öz ölkələrində də qurmaq üçün inamlı və real imkanlara sahib olmalarına şərait yaratmaqdır”.
Sosial və ailə məsələləri üzrə müstəqil araşdırmaçı-ekspert Ramal Əliyev vurğulayıb ki, son illərdə Azərbaycan gənclərinin Avropa ölkələrinə və ABŞ-yə üz tutması diqqət çəkən sosial tendensiyalardan birinə çevrilib. Əvvəllər xaricdə işləmək istəyən vətəndaşlarımızın əsas istiqamətlərindən biri Rusiya idisə, son illərdə bu istiqamətdə dəyişikliklər müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi də bu dəyişikliklərə təsir edən amillərdən biridir:
“Mənim fikrimcə, gənclərin ölkəni tərk etmək istəklərinin əsas səbəblərindən biri iqtisadi amillərdir. Əmək bazarında layiqli maaşla iş tapmaq imkanlarının məhdudluğu, gəlirlə yaşayış xərcləri arasındakı uyğunsuzluq və müstəqil həyata başlamağın çətinliyi gənclərin gələcəyə dair planlarına birbaşa təsir göstərir.
İqtisadi problemlər yalnız fərdin maddi vəziyyəti ilə məhdudlaşmır, eyni zamanda ailə və cəmiyyət daxilində bir sıra sosial problemlərin yaranmasına da zəmin yaradır. Maddi təminatı zəif olan gənc ailələrdə ailədaxili münaqişələr arta, bu münaqişələr isə bəzi hallarda boşanma ilə nəticələnə bilər. Boşanma zamanı valideynlərin münasibətlərindən ən çox təsirlənən tərəflərdən biri uşaqlardır. Valideynlərdən birinin qayğısından uzaq böyüyən uşaqların bəzilərində gələcəkdə psixoloji və tərbiyəvi çətinliklər yarana bilər.
Boşanmadan sonra aliment öhdəlikləri də bir sıra ailələr üçün əlavə problemə çevrilir. Alimentin ödənilməməsi və ya ödənilə bilməməsi mübahisələrə, məhkəmə çəkişmələrinə, qanunvericilikdə nəzərdə tutulan hallarda isə hüquqi məsuliyyətə səbəb ola bilər. Bütün bunlar göstərir ki, ailələrin maddi rifahı onların sabitliyinə təsir edən mühüm amillərdən biridir.
Digər ciddi məsələ işsizlik və səmərəli məşğulluğun olmamasıdır. Uzun müddət işsiz qalan, asudə vaxtını faydalı fəaliyyətlə keçirə bilməyən və gələcəyə dair ümidlərini itirən bəzi gənclər zərərli vərdişlərə, o cümlədən narkotik vasitələrin istifadəsinə meyil göstərə bilərlər. Narkotik asılılığı isə insanın sağlamlığına, ailə münasibətlərinə və sosial həyatına ağır zərər vurur, bəzi hallarda hüquqazidd davranış riskini də artırır. Buna görə də gənclərin məşğulluğu, asudə vaxtının təşkili və sosial həyata inteqrasiyası həm də narkomaniyanın profilaktikası baxımından əhəmiyyətlidir.
Gənclərin xaricə üz tutmasının başqa bir səbəbi ailə qurmaq və müstəqil həyat yaratmaqla bağlı çətinliklərdir. Ölkəmizdə toy mərasimlərinin təşkili, cehiz, mənzil və digər ailə xərcləri bəzi hallarda gənclərin imkanlarını ciddi şəkildə üstələyir. Orta əməkhaqqı ilə çalışan bir gəncin bu xərcləri qarşılamaq, mənzil əldə etmək və eyni zamanda gələcək ailəsinin maddi təminatını qurmaq istəyi böyük maliyyə yükünə çevrilə bilər.
Beləliklə, məsələ yalnız yüksək maaş əldə etməkdən ibarət deyil. Gənclər həm də sabit iş, sosial təminat, ədalətli rəqabət, peşəkar inkişaf və gələcəyə inam istəyirlər. İnsan öz ölkəsində zəhmətinin qarşılığını ala bilməyəcəyini düşünürsə, başqa ölkədə yaşamaq və işləmək variantını daha cəlbedici hesab edə bilər.
Gənclərin xaricə üz tutması Azərbaycanın gələcək əmək bazarına, demoqrafik vəziyyətinə və intellektual potensialına necə təsir göstərə bilər?
Gənclərin xaricə miqrasiyası düzgün idarə olunmadıqda Azərbaycanın gələcək əmək bazarı, demoqrafik inkişafı və intellektual potensialı üçün müəyyən risklər yarada bilər.
İlk növbədə, ölkəni tərk edən gənclər arasında ali təhsilli, peşəkar bilik və bacarıqlara malik, müxtəlif sahələrdə çalışa biləcək perspektivli mütəxəssislər də var. Belə insanların uzun müddət ölkədən kənarda qalması gələcəkdə ayrı-ayrı sahələrdə ixtisaslı kadr çatışmazlığını dərinləşdirə bilər. Bu gün ölkəni tərk edən gənc mütəxəssisin yerini sabah eyni bilik və təcrübəyə malik başqa bir kadrla doldurmaq heç də həmişə asan olmur.
Xüsusilə tibb, mühəndislik, informasiya texnologiyaları, təhsil və digər ixtisaslaşmış sahələrdə insan kapitalının qorunması mühüm əhəmiyyət daşıyır. Dövlət və cəmiyyət gənclərin bilik və bacarıqlarının ölkənin inkişafına yönəldilməsi üçün əlverişli şərait yaratmalıdır.
Xaricdə təhsil alan gənclərin bir qismi təhsillərini başa vurduqdan sonra yaşadıqları ölkələrdə qalmağa üstünlük verir. Bunun səbəbləri arasında daha geniş karyera imkanları, yüksək gəlir, peşəkar inkişaf və sosial təminat amilləri yer alır. Əgər həmin gənclər Azərbaycanda öz biliklərini tətbiq etmək, layiqli gəlir əldə etmək və karyera qurmaq üçün uyğun şərait görmürlərsə, onların ölkəyə qayıtmaq motivasiyası zəifləyə bilər.
Digər mühüm məsələ demoqrafik vəziyyətdir. Ölkəni tərk edən gənclərin xaricdə ailə qurması, övlad sahibi olması və uzun müddət geri qayıtmaması miqrasiyanın demoqrafik təsirlərini artıra bilər. Bu halda söhbət yalnız bir şəxsin deyil, gələcəkdə bütöv bir ailənin Azərbaycandan kənarda məskunlaşmasından gedə bilər. Uzunmüddətli perspektivdə bu proses əmək qabiliyyətli əhalinin sayına, doğum göstəricilərinə və yaş strukturuna təsir göstərə bilər.
Bununla yanaşı, xaricə gedən hər bir gəncin ölkə üçün itkiyə çevrildiyini söyləmək də düzgün olmazdı. Xaricdə təhsil alan və işləyən gənclər yeni biliklər, texnologiyalar və beynəlxalq təcrübə qazana bilərlər. Əsas məsələ onların Azərbaycanla əlaqələrinin qorunması, əldə etdikləri təcrübəni ölkəmizin inkişafına yönəltmək imkanlarının yaradılmasıdır.
Ona görə də məqsəd gənclərin xaricə getməsinin qarşısını almaq deyil, onların Azərbaycanda qalmaq və ya xaricdə təcrübə qazandıqdan sonra geri qayıtmaq üçün real səbəblərinin olmasını təmin etməkdir.
Gənclərin ölkəni tərk etmək əvəzinə burada gələcək qurmağa üstünlük verməsi üçün hansı sosial və institusional dəyişikliklərə ehtiyac var?
İlk növbədə, regionlarda, rayonlarda və kəndlərdə yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Müasir zavod və fabriklərin açılması, istehsal müəssisələrinin inkişafı, sahibkarlığın dəstəklənməsi və yerli iqtisadi imkanların genişləndirilməsi gənclərin məşğulluğuna müsbət təsir göstərə bilər.
Kənd təsərrüfatının inkişafı da mühüm istiqamətlərdən biridir. Fermer və kəndlilər üçün şəffaf, əlçatan və işlək dəstək mexanizmləri yaradılmalı, istehsal olunan məhsulların bazara çıxarılması asanlaşdırılmalıdır. Kəndli məhsulunu əkib-becərdikdən sonra onu münasib qiymətə sata bilməli, ixrac etmək istəyən istehsalçılar üçün isə zəruri logistika və digər imkanlar təmin olunmalıdır.
Bununla yanaşı, əhalinin gəlirlərinin artırılması, xüsusilə gənclər üçün layiqli əməkhaqqı ilə iş imkanlarının genişləndirilməsi vacibdir. Gəncin qazancı onun gündəlik yaşayış xərclərini qarşılamaqla yanaşı, gələcək planlarını həyata keçirməsinə də imkan verməlidir. Bu baxımdan uşaq pulunun tətbiqi və ailələrə sosial dəstək mexanizmlərinin genişləndirilməsi də müzakirə olunmalı məsələlərdəndir.
Digər mühüm məsələ gənclərin əmək hüquqlarının qorunması, işə qəbul zamanı şəffaflığın təmin edilməsi və kadr seçimində obyektiv meyarların əsas götürülməsidir. Gənclər öz bilik və bacarıqları hesabına işə qəbul oluna, vəzifədə yüksələ, peşəkar inkişaf edə və layiqli gəlir əldə edə biləcəklərinə inanmalıdırlar. Əgər gənc öz ölkəsində zəhmətinin qarşılığını alacağına əmin olarsa, xaricə köçmək barədə daha az düşünə bilər.
Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün əlverişli şərait yaradılmalıdır. Kiçik və orta biznesə dəstək, maliyyə resurslarına çıxışın asanlaşdırılması, bürokratik maneələrin azaldılması və biznes mühitində şəffaflığın gücləndirilməsi gənclərə öz ideyalarını ölkə daxilində reallaşdırmaq imkanı verə bilər.
Gənclərin ölkədə qalması üçün ailə institutunun sosial müdafiəsi də gücləndirilməlidir. Gənc ailələrin mənzil əldə etməsi üçün güzəştli imkanlar genişləndirilməli, ipoteka şərtləri əlçatan olmalı, uşaq pulunun tətbiqi və ailələrə sosial dəstək mexanizmləri nəzərdən keçirilməlidir. Çünki gənc ailə övladını hansı şəraitdə böyüdəcəyini, mənzil problemini necə həll edəcəyini və gələcək xərclərini necə qarşılayacağını düşünür. Bu məsələlərə real həll yolları tapılarsa, gənclərin Azərbaycanda ailə qurmaq və gələcək planlarını həyata keçirmək imkanları artar.
Düşünürəm ki,gənclərin ölkədən miqrasiyası yalnız iqtisadi məsələ deyil, həm də ailə, sosial müdafiə, məşğulluq, təhsil və institusional etimad məsələsidir. Gənclər ölkədə öz gələcəklərini görə, ədalətli imkanlardan yararlana və zəhmətlərinin qarşılığını ala bildikdə, Azərbaycanda qalmaq və ölkənin inkişafına töhfə vermək üçün daha güclü motivasiyaya sahib olacaqlar”.
Qeyd: material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə hazırlanıb.



