Gənc anaların işə qayıtması: işəgötürənlər hansı imkanları yaratmalıdır?
“Hazırda Azərbaycanda qadınlarla kişilərin əməkhaqqı arasındakı fərqin təxminən 30 faizə yaxın olduğunu nəzərə alsaq, bu məsələnin aktuallığı daha aydın görünür. Fərqin əsas səbəblərindən biri nisbətən ağır işlərdə daha çox kişilərin çalışması ilə bağlıdır. Bununla yanaşı, bu fərq qadınların pensiya məbləğlərinə də təsir göstərir. Bu baxımdan, əməkhaqqı fərqinin azaldılması vacibdir.
Fərqin azaldılması yollarından biri qadınların daha çox işlə təmin olunması, xüsusilə də yüksək əməkhaqqı təklif edən işlərdə çalışmalarının dəstəklənməsidir. O cümlədən gənc qadınların məşğulluğunun təşviq edilməsi çox önəmlidir. Bunun üçün stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər.
Belə tədbirlər sırasında müəyyən güzəştlərin tətbiqi, xüsusilə özəl sektorda qadınların işlə təminatının dəstəklənməsi də yer alır. Bəzi ölkələrdə bu məqsədlə subsidiya və vergi güzəştləri mexanizmlərindən istifadə olunur. Oxşar mexanizmlərin Azərbaycanda tətbiqi də məqsədəuyğun olardı”.