Tacikistan Rusiyanı taciklərə qarşı ayrı-seçkilik etməkdə ittiham edib
Rusiya tərəfinin xahişi ilə aprelin 30-da Tacikistanın xarici işlər naziri Sirojidin Muxridin ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici siyasət idarələrinin rəhbərləri Rusiya hakimiyyətinin sərt tədbirləri nəticəsində Tacikistan vətəndaşlarının Rusiya ərazisindəki ağır vəziyyətini müzakirə ediblər. Lavrov bu məsələdə Tacikistan tərəfinin reaksiyasını anlayıb.
Muxridin vurğulayıb ki, Tacikistan vətəndaşlarına qarşı bu cür mənfi münasibət, onların hüquq və azadlıqlarının geniş şəkildə pozulması ikitərəfli münasibətlərin prinsiplərinə uyğun gəlmir.
Bu kontekstdə o, Rusiya tərəfinin əsas ikitərəfli və çoxtərəfli hüquqi aktların, xüsusən 25 may 1993-cü il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" və 16 aprel, 1999-cu il tarixli "Müttəfiq Əməkdaşlıq Müqaviləsi"nin müddəalarına riayət etməsi zərurətinə diqqət çəkib.
Lavrov qeyd edib ki, görülən tədbirlər konkret millətə və ya dinə qarşı yönəlməyib. Tacikistanın xarici işlər naziri bu bəyanatın real vəziyyətə uyğun olmadığını, mənfi hərəkətlərin isə müstəsna olaraq Tacikistan vətəndaşlarına şamil edildiyini vurğulayıb.
Həmsöhbətlər tərəflərin strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə sədaqətinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.