Rusiya şəkər ixracını müvəqqəti dayandırıb. Məhdudiyyət bu ilin avqustunadək qüvvədə olacaq.
Rusiyanın bu addımı Azərbaycan bazarında şəkərin qiymətinə necə təsir edəcək?
Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov “Operativ Media”ya açıqlamasında bildirib ki, Azərbaycanda şəkər istehsal edilsə də, xammalın əhəmiyyətli hissəsi xaricdən gətirilir:
"Bu məhdudiyyət dünya bazarlarında şəkərin qiymətinə təsirsiz ötüşməyəcək və artım üçün təzyiq yaranacaq. Nəzərə almaq lazımdır ki, xüsusilə də Azərbaycan bazarında şəkərə əsas tələbat yay aylarında formalaşır. Bu dövr də məhdudiyyətin tətbiq edildiyi dövrdür. Həmin dövrdə eyni zamanda daxili bazarlarda dəyər zəncirində də müəyyən fasilələrin ortaya çıxması səbəbindən qıtlıq, qiymət artımları müşahidə edilir. Hər iki təzyiq bir arada olduğu təqdirdə görünən ondan ibarətdir ki, bu yay Azərbaycanda şəkərin qiyməti əvvəlki dövrlərlə müqayisədə daha yüksək olacaq”.
Rəşad Həsənovun sözlərinə görə, bazarda qıtlığın yaranması ilə bağlı ajiotaj formalaşmazsa, böyük qiymət artımları olmaz. Amma əksi baş versə, kifayət qədər sərt qiymət artımları müşahidə edilə bilər:
“Hazırda şəkər tozunun 1 kiloqramı 1 manat 60 qəpik - 1 manat 65 qəpiyə təklif olunursa, yay boyunca bu qiymət 1.85 - 2 manata qədər yüksələ bilər. Amma ehtiyatların bazara planlı təklif edilməsi ilə qısamüddətli dövrdə bazarda tələb-təklif arasında yaranan disbalansı tarazlayaraq, bu qiymət artımları təzyiqlərini neytrallaşdırmaq olar. Ümilikdə gələcəkdə ölkədə şəkər istehsalının maya dəyəri də arta bilər”.