Çin şirkətləri Türkiyəyə investisiya etməyi planlaşdırır

Nərmin Qocamanlı
Çin şirkətləri Türkiyəyə investisiya etməyi planlaşdırır

Çinin "BYD" və "Cherry" elektrik avtomobil istehsalçılarının Türkiyəyə sərmayə qoyması üçün danışıqlar inkişaf mərhələsindədir.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır deyib.

O deyib ki, proseslərin yaya qədər tamamlanacağına ümid edirik. Onlar bizimlə müxtəlif alternativləri dəyərləndirirlər.

Türkiyəni Çin avtomobil şirkətləri üçün cəlbedici edən ən mühüm amillərdən biri də Türkiyənin Gömrük İttifaqına üzv olmasıdır:

"Çin markaları xüsusilə Avropa bazarında böyümək istəyir. Türkiyənin Gömrük İttifaqına üzv olması ilə yanaşı avtomobil sənayesindəki infrastrukturunun da əhəmiyyətli rolu var. Hazırda Türkiyədə istehsal üçün dörd fərqli Çin markası ilə danışıqlar aparırıq. Biz onlardan ikisi ilə danışıqların yekun mərhələsinə çatmışıq. Dörd şirkət arasında "BYD" və "Chery", həmçinin "MG" və "Great Wall Motor" var. Qabaqcıl danışıqların davam etdiyi iki şirkətdən biri olan "Chery" İspaniyada istehsal mərkəzi qurur. Bircə onu deyim ki, Türkiyəyə alternativ deyillər. Yəni Qərbi Avropaya qoyulan və ya qoyulacaq investisiyalar Türkiyəyə alternativ deyil".

Nazir bildirib ki, bunu həm Türkiyə, həm də Çin üçün bir fürsət olaraq dəyərləndirirlər:

"BYD öz akkumulyatorlarını istehsal edən bir şirkətdir. Qarşılaşdığımız bütün elektrikli avtomobil istehsalçılarına akkumulyator sərmayəsini Türkiyəyə gətirsələr, onlara çox imtiyazlı imkanlar təqdim edəcəyimizi artıq bildirdik. Ümid edirik ki, elektrik avtomobil investisiyası reallaşarsa, bu, akkumulyator sərmayələrinə yol açacaq. Lakin əsas məsələ elektriklə işləyən avtomobillərdir. Ancaq bu proses önümüzdəki dövrdə fərqli işbirliklərinə səbəb olacaqmı? Bunu zaman göstərəcək. Ona görə də indi bunları demək tezdir, amma "Togg" milli brend olaraq yoluna davam edəcək. Ona görə də burada qarışıqlıq olmamalıdır”.

Digər xəbərlər