Rusiyanın ən böyük investisiya və infrastruktur layihələri sərgisi olan “Russia Halal Expo 2024” Tatarıstan Respublikasının Kazan şəhərində işə başlayıb.
"Operativ Media" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına istinadən xəbər verir ki, sərgidə Azərbaycan məhsulları vahid ölkə stendində təqdim olunur. Stenddə sahibkarlar tərəfindən ölkədə istehsal olunan tekstil, çay, fındıq, qənnadı məmulatlar, ədviyyatlar, eləcə də müxtəlif ət və ət məhsulları sərgi iştirakçılarına nümayiş olunur.
Sərgidə həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın iqtisadi imkanları, o cümlədən investisiya və ixrac perspektivləri, turizm sahəsinin potensialı, eləcə də investorlara təklif olunan imtiyazlar barədə məlumat verilir.
Qeyd edək ki, ənənəvi “Russia Halal Expo” sərgisi “Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində təşkil olunur. Sərgi biznes layihələrinin təşviqi və inkişafı, o cümlədən MDB və digər ölkələrin halal sənayelərinin potensialını nümayiş etdirmək üçün effektiv platforma kimi xidmət edir.