
May ayında olmağımıza baxmayaraq, son günlər ölkədə qeyri-sabit hava şəraiti hökm sürür. Bəs bu cür dəyişkən hava şəraiti Azərbaycana gələn turistlərin sayına necə təsir edib?
Bu barədə turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Operativ Media"ya bildirib ki, hazırda turizm mövsümünün ən qaynar vaxtlarından biridir və getdikcə təlabat artmağa başlayır.
Onun sözlərinə görə, hava şəraiti istənilən halda ölkəyə gələn turist sayına təsir etsə də, bir çoxu öncədən olan rezervasiyalar olduğu üçün təxirə salınmayıb və istər ölkə daxili, istər xarici kifayət qədər turlar olub.
Ekspert həmçinin hazırki turizm sektorunun çatışmayan cəhətlərindən də söz açıb:
"Hal-hazırda əsasən turizm sektorunda nəqliyyatda bələdçi xidmətində çatışmazlıqlar var. Düşünürəm ki, bu tələbatın qarşısında durmaq üçün hotel sayını artırmaq, restoran xidmətini daha da təkmilləşdirmək, nəqliyyat sisteminə nəzarət etmək və artırmaq, eyni zamanda da bələdçiləri yetişdirmək lazımdır. Doğrudur, hazırda COP29-a görə bir neçə mərhələdə bələdçilər yetişdirilir. Amma bu sayı daha da artırmaq lazımdır".
Sevinc İbrahimzadə