İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

Nərmin Qocamanlı
İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

"Ölkələr varlanmaq üçün öz resurslarını satmalıdır. Bunun üçün də iki yol var: ya vətəndaşlara sata bilər, ya da ixrac edə bilər. Bu baxımdan ölkəyə maraqlıdır ki, onu ən baha şəkildə sata bilsin".

Bunu iqtisadçı ekspert Xalid Kərimli "Operativ Media"ya açıqlamasında deyib. O, ixrac edilən məhsulların iqtisadiyyata verdiyi təhfələrdən bəhs edib.

Ekspertin sözlərinə görə, Azərbaycanın ən çox ixrac etdiyi məhsul neft-qazdır ki, insanlar bunun baha olmasından şikayətlənirlər:

"Ancaq  92 markalı benzini normal qiymətə satır, yaxud əhalisinə mazutu 80 qəpiyə verir. Bu da normal qiymətdir.Bəzi xarici ölkələrdə mazut premium benzindən baha satılır. Çünki mazut tullantısı çoxdur və bu səbəbdən vergiləri mazuta yükləyib onu daha baha qiymətə satırlar. Amma nəzərə almaq lazımdır ki, mazutu avtobus, yük maşınları və s. istifadə edir, bu aspektdən ucuz saxlayırlar ki, əhali üçün uyğun olsun. Avtobus, metro qiymətləri bizdə münasibdir. Çünki fikirləşsək ki, avtobusu xaricdən alıb gətirirlər, neft dünya əmtəəsi olduğuna görə bahadır, ancaq daxildə bu şərtləri formalaşdırıb ki, insanlar ucuz nəqliyyat xidməti alsınlar, ucuz kommunal xidmətlər alsınlar. Əvvəllər bizim kommunal qiymətləri  Avropadan da baha ola bilərdi, nəinki ucuz. Əslində, bütün texnologiyalar, avadanlıqlar, biliklər, məsləhətlər hamısı baha qiymətə alınır. Orada istifadə olunan xammal isə dünya xammalıdır. Alman 50 dollara alır, biz də 50 dollara almalıyıq. Onu güzəştli şərtlərlə ucuz qiymətə mayasına verirsə, o demək deyil ki, biz ucuz almalıyıq. Bu, o deməkdir ki, hökumət dəstəkləyir, sosial vəziyyətin pisləşməməsi üçün ölkənin vəziyyətini nəzərə alaraq daha baha sata biləcəyi resursları əhaliyə güzəştli qiymətə verir. Amma bunu sahibkardan tələb etmək mümkün deyil. Dövlət vergi toplayır, torpağın dibindən neft çıxarıb satır. Amma sahibkar bunu istədiyi formada eləməlidir".

X.Kərimli qeyd edib ki, bu ilin ilk 3 ayında xaricə daha çox pambıq, xurma, pomidor, fındıq, müxtəlif alüminium məhsulları, propilen və s. məhsullar satmışıq:

"Məsələn, Azərbaycan Rusiyaya yumurta ixrac edir. Azərbaycanda daxili bazarda yumurta tələbatı üç milyondur. Amma hələ indi quş yumurtası istehsalçıları 4 milyon ixrac edə bilir, yəni 1 milyon artıq istehsal edirlər. Aprel ayında ən çox ucuzlaşan məhsul yumurta oldu. İxrac eləməsək, daxili bazarda yumurta daha ucuz olar, amma bu həm də o deməkdir ki, daha ucuz olduğuna görə sahibkar istehsal etməyəcək və ya növbəti periodda az istehsal edəcək. Çünki ucuz satmaq sahibkarın istehsalını həvəsləndirmir. Əksinə, sahibkar baha satanda istehsalı genişləndirməyə meyilli olur. Odur ki, ixrac ölkəyə mütləq lazımdır. Əhali alıb yeyə bilməsə də, ixrac daha baha qiymətə gedirsə, bu, ölkənin varlanmasına gətirib çıxarır. İxrac məhdudiyyətləri müvəqqəti qoyula bilər, uzunmüddətli qoyulsa, bu, ölkənin resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır, çünki sahibkarın kasıblanmasına rəvac verir, orada işləyən işçilərin əmək məhsuldarlığını aşağı salır. Ona görə də Azərbaycanın ixrac yönümlü iqtisadiyyatları dəstəklənməli və resurslar ayrılmalıdır".

Sevinc İbrahimzadə

Digər xəbərlər