AQTA heyvan yeməklərinə nəzarət edir?

Nərmin Qocamanlı
AQTA heyvan yeməklərinə nəzarət edir?

Keyfiyyətsiz və köhnə qidalar insan orqanizminə ziyanlı olduğu kimi, heyvan yeməkləri də saxta və xarab olduqda heyvanların səhhətində problemlər yaradır. Bəzi heyvan sahibləri də zoo mağazalarda satılan yeməklərin keyfiyyətsiz olduğu qənaətindədirlər. Bəs Qida Təhlükəsizliyi Agentliyi heyvan yeməklərinə nəzarət edir?

Bu barədə AQTA-dan "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, agentlik ölkədə biotəhlükəsizliyin təmin olunması, o cümlədən heyvan sağlamlığının qorunması istiqamətində müvafiq tədbirlər icra edir:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, qida məhsulları ilə yanaşı, bitki və heyvan mənşəli məhsullar, heyvan yemi və yem əlavələri risk əsaslı yoxlama nəzarət tədbirlərinə cəlb edilir. Məhsullar laborator analizlərə cəlb olunur. Analiz nəticəsi uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir. Əlavə olaraq bildiririk ki, AQTA tərəfindən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış baytarlıq preparatlarının, yem və yem əlavələrinin REYESTRİ aparılır. Bu məlumatlar Agentliyin www.afsa.gov.az rəsmi saytında ictimaiyyət üçün açıqdır. 

Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə, hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda, “1003-Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir".

Sevinc İbrahimzadə

Digər xəbərlər