Tikinti bazarında durğunluq: “Elə gün olur ki, bir mismar belə sata bilmirik"
“Elə gün olur ki, bir mismar belə sata bilmirik. Hər il bu vaxtlar ev tikintisi, ev təmiri başlayırdı. İndi heç soruşan yoxdu ki, nə satırsan, niyə satırsan? Tikinti materialları bazarı tam dayanıb”.
Bu barədə “Operativ Media”ya Dərnəgül tikinti bazarının satıcıları bildiriblər.
Satıcıların sözlərinə görə, 2024-cü il onlar üçün çox ağır başlayıb. 20 ilə yaxındır tikinti materiallarının satışını həyata keçirən Tural Kərimli deyir ki, bazarda hələ belə durğunluq görməyib:
“Bizim mağazamızda evə aid hər şey satılır. Sementindən tutmuş divar kağızına qədər. Amma elə gün olur bir mismar da satılmır. Əvvəllər ayda iki dəfə mal vururduq. İndi isə keçən ildən gətirilən mallar hələ də qalıb. Qiymətlər də dəyişməyib. Armatur 12-lik 6 metr olan 0.80-0.85 qəpik, armatur 12-lik 6 metr olan 0.77-0.82 qəpikdir. Taxtanın kubunun qiyməti 200 manatdır. Mişar daşı 45 qəpik, kərpic isə 17 qəpikdir”.
Satıcılar deyirlər ki, bəzi məhsulların qiymətlərində endirim olmasına baxmayaraq, satış əvvəlki ilin eyni ayları ilə müqayisədə çox aşağıdır. Tikitni materialları ilə yanaşı təmir materialları da ucuzlaşıb:
“Qapı 135 manata satılır, quraşdırılma kilid daxildir. 3 kilidli qapılar 500 manatdır. Laminat 11 manatdan başlayaraq 55 manata qədər. Divar kağızları 10 manatdan başlayır. Alçipanların qiyməti 8 manatdan başlayır, maksimum 8 ilə 12 manat arasıdır. Əvvəl 10 manatdan başlayırdı. Təmirdə istifadə olun astar şpaklyofka 5 manat 80 qəpik, üzlük isə 6 manat 50 qəpikdir. Sementin qiyməti 8 manat 20 qəpik, 8 manat arasında satırıq. Emulsiya boyaları isə 50 manatdan 150 manata kimi var. Heçkim deyə bilməz ki, hansısa malda artım var. Ola bilsin xırda-para nədəsə artım olsun, amma ümumi götürəndə tikintidə və təmirdə istifadə olunan əsas materiallar bahalaşmayıb”.
Tikinti üzrə ekspert Muxtar Ərturan isə deyir ki, daxili təmir üçün lazim olan materialların qiymətlərində 10-25 faiz arasında artım var və bu artım sünidir. Tikinti materialları bazarındakı durğunluğun əsas səbəbi isə bəzi materialların qiymətlərində artımın olmasıdır:
“Fərdi ev tikintisi ilə bağlı durğunluq var. Amma son zamanlar beton və taxtanın qiymətində artım müşahidə edirik. Çoxmərtəbəli binaların tikintisində kisə ilə sement alınmır. Burada zavodlarla danışılır və kubla alınır. Son zamanlar sementin qiyməti buna əsasən də betonun qiyməti və betondan başqa da taxta və armaturun da qiymətində 15-20 faiz bəzi yerlərdə 25-28 faiz artım müşahidə olunur. Materiallar və onların gətirildiyi ölkələrdə heç bir problem yoxdur, yəni durğunluq var. Amma Azərbaycanda əsasən də Bakıda qiymətlər anomal şəkildə dəyişir və səbəbi heç kəsə bəlli deyil”.
Əmlak üzrə ekspert Nofəl Quliyev isə bildirir ki, tikinti materialları bazarında durğunluğun olması əmlak alqı-satqısının rekord dərəcədə azalmasıdır:
“Bazara sadə vətəndaşların tikdiyi və ya satdığı evlər təsir etmir. Fərdi qaydada tikinti aparanlar üçün ola bilsin qiymət dəyişməyib. Hətta bəzi məhsullar ucuzlaşıb da deyə bilərik. Amma bu işlə məğul olan şirkətlər topdan aldığı üçün onlar üçün qiymət dəyişməyib. Deyək ki, özünə ev tikən vətəndaş 10 kub taxta alır və ya armatur alır. Onun aldığı bir ev üçün olur deyə qiymətdə artan qəpik-quruşu görmür. Amma, çox mərtəbəli bina tikən və ya kompleks şəkidlə fərdi evlər inşa edənlər bu fərqi hiss edir. Səbəb isə odur ki, əvvəllər şirkətlər tikdikcə satır və qalan vəsaitlərini təmin edirdilər. İndi kompleksin yarısı tikilib, satış yoxdur, geri qalan hissə də yubanır. Belə olan halda isə sahibkar ziyana düşür. Əlində isti kapitalı olmayan şirkət qiyməti aşağı salmalıdır. Yeganə tendensiya Azərbaycandadır ki, sahibkar gözləməyə daha çox üstünlük verir, nəinki qiymət endiriminə gedir. Bazar bu qaydada durğunluqla sıxılsa, qiymətlər düşə bilər”.