Kredit götürən şəxs ölərsə, borcu silinəcək
Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.
Bəs yeni qərar nəyi dəyişəcək?
Vəkil Anar Ramazanov “Operativ Media”ya açıqlamasında bildirib ki, yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək:
“Vətəndaş həyat sığorta müqaviləsi bağladığı zaman borclar məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Təbii ki, bu sığorta müqaviləsi könüllüdür, vətəndaş bundan imtina da edə bilər. Lakin imtina etməsə, bağlasa burada hər bir halda uduşlu vətəndaş çıxır. Bu onu da tənzimləyir ki, hər bir halda vətəndaş həyatını itirərsə, o zaman kreditin, bu kredit üzrə borcun hətta ona hesablanmiı faizlərin cərimənin, dəbbə pulunun 100 faizi sığorta şirkəti tərəfindən banka ödənilir”.
Anar Ramazanov onu da əlavə etdi ki, yeni qərarla əmək qabiliyyətinin itirilməsi hallarından da sığorta nəzərdə tutulur:
“Vətəndaş sağlamlığını hansısa bir halda itirərsə, sağlamlığını itirdiyi dərəcəyə, faizə uyğun olaraq, məsələn vətəndaş sağlamlığını, yəni əmək qabiliyyətini 80 faiz, 60 faiz itirərsə, ona uyğun əlillik dərəcəsi alarsa, sağlamlığını itirdiyi faizə münasib olaraq deyək ki, 60 faiz, 80 faiz miqdarında kedit və kreditlə bağlı digər borclar silinəcək. Bununla yanaşı bir sıra xəstəliklər və hallar müqaviləyə əsasən sığorta ödənişindən imtina hesab edilə bilər. Narkotik maddələrin, spirtli içkinin və digər zərərli vərdişlər nəticəsində şəxs həyatını itirərsə onun kredit ödənişi sığorta şirkəti tərəfindən ödənməyəcək. Yeni qaydalara görə, sığorta haqqı alınan kreditinin minimum 0,1 faizi həcmində hesablanacaq. Kredit götürənin sağlamlıq vəziyyəti və yaşı bu məbləğin formalaşmasında əsas rol oynayır”.