Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Nərmin Qocamanlı
Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Laçın rayonunun Malıbəy kəndində özəl sektorla əməkdaşlıq çərçivəsində ilk kiçik su elektrik  stansiyası tikilir.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda  xüsusi  nümayəndəsi  Məsim  Məmmədov,  “Azərbaycan   İnvestisiya   Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər. Qeyd   edilib   ki,   Azərbaycan   Respublikasının   Prezidenti   cənab   İlham   Əliyevin   rəhbərliyi   ilə işğaldan azad edilmiş ərazilərin  alternativ və “yaşıl” enerji zonasına çevrilməsi uğurla təmin edilir. Regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik   enerjisi   təchizatı   sistemi   formalaşdırılır.   “Yaşıl”   enerji   təchizatında   su   elektrik stansiyalarının əhəmiyyətli rolu var.  Azad edilmiş ərazilərimizdəki çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.Vurğulanıb   ki,  Kəlbəcər   və   Laçında   kiçik   su   elektrik   stansiyalarının   istismarı   layihəsi Azərbaycan-Türkiyə qardaşlığının  daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Layihənin birinci mərhələsi üzrə təməli qoyulan “Malıbəy” stansiyasının istismara verilməsi ildə təxminən,  7 min  evi elektrik enerjisi ilə təmin etmək imkanı yaradacaq. Ötən   ilin   dekabrında   “Azərbaycan   İnvestisiya   Şirkəti”   ASC,   Türkiyənin   “Demirören   Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında, Həkəri və Tərtər çayları üzərində 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Ümumilikdə 13,8 MVt gücündə olan 5 stansiyanın 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bu gün təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır

Digər xəbərlər