Bayram günlərində bölgələrdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
Qarşıdan Qurban bayramı, eləcə də istirahət ayları gəlir. Quru sərhədləri bağlı olduğundan yerli turistlər əsasən ölkədaxili istirahət zonalarına üz tuturlar.
Hotel, kottec, kirayə ev, yoxsa hostel?
“Operativ Media” bayram günlərində ən ucuz və ən bahalı tətilin hansı bölgələrdə başa gəldiyini araşdırıb:
Turistlərin üz tutduğu əsas istiqamətlərdən biri İsmayıllı bölgəsidir. İsmayıllıda yerləşən hotellərdən birinin icraçı direktoru Anar İsrafilov deyir ki, ötən illə müqayisədə bu il rayonda fəaliyyət göstərən hotel və hostel tipli kotteclərin qiymətləri qalxıb:
“Hovuzlu kotteclərin 1 günlük kirayə qiyməti 250-500, meşə ərazisində yerləşən kotteclər isə 50-200 manat arası dəyişir. Hotel otaqlarının qiymətləri də müxtəlifdir. Standart otaqlarımız 120 manatdan başlayır və bizdə 2 və daha artıq gün qaldıqlarını nəzərə alarsaq, qonaqlar üçün kampaniyalar da tətbiq olunur. Bu kampaniyalara şam yeməyi və nahar daxildir. Eyni zamanda endirimlər tətbiq edilir. Otaq tiplərindən asılı olaraq qiymətlərimizin üzərinə 30-40 faiz gələrək artımlar müşahidə olunur. 1 nəfərlik şam yeməyi daxil olduğu halda 2 nəfərlik paket 50 manat nəzərdə tutulub”.
İstirahət üçün ən çox üz tutulan rayonlardan Qəbələ, Oğuz və Şəkidə də qiymətlər dəyişkəndir. Şimal-qərb bölgəsindəki hotellərdə yay aylarında 10-20, bəzən də 30-40 faiz bahalaşma müşahidə olunur. Eyni zamanda hər büdcəyə uyğun kirayə evlər də təklif edilir:
“Normal 4 ulduzlu hotellərdən söhbət gedərsə, 2 nəfərlik otaqlar səhər yeməyi, spa ilə birlikdə 90 manatdan başlayır. 3-4 nəfərlik 120-150 manatdır. Hotellərin qiyməti də spa, fitnes kimi xidmətlərin olmasına və səhər yeməyinin olmasına görə dəyişir. Normal şəraitli 2-3 otaqlı evlər 80-100 manatdan başlayır. Villalar hardasa 250, 300, 450 manata qədər gedir. Bunu da bir neçə ailələr gələrək, misalçün 3-4 ailə gəlib aşağı büdcə ilə həll edə bilirlər”.
Qax-Zaqatala bölgələrində isə ciddi qiymət artımı hiss olunmur. Elan saytlarında qeyd olunub ki, Zaqatalada yerləşən 1 günlük hotel qiymətləri 25-100 manat aralığında dəyişir. Menecerler deyir ki, kotteclərin qiyməti isə qonaq sayına uyğun olaraq tənzimlənir:
“Kotteclərimizin qiyməti adam sayına görə dəyişir. 2 nəfərliklərin qiyməti 30 manatdır. 4-5 nəfərlik böyük koteclərin qiyməti isə 40-50 manatdır. Elə bil adambaşı 10 manatdır. Kotteclərimizin qiyməti keçən il də, ondan əvvəlki il də, bu il də dəyişilməz olaraq qalıb. Ət yeməklərində cüzi artımlar müşahidə olunur. Məlum məsələdir ki, məhsulların qiymətində cüzi artım olanda bu, restoran qiymətinə də təsir edir”.
Cənub bölgəsində isə qiymətlər təxminən 2 dəfə qalxıb. Belə ki, 1 günlük hostel qiyməti 25-30, hotel 50 manatdır. Paketə səhər yeməyi də daxil edilərsə, bu zaman qiymət 70-250 manat aralığında dəyişir. Kirayə evlərin gündəlik qiyməti də bahalaşıb:
“Günlük evlərin qiyməti ötən illərə nəzər salanda çox bahalaşıb. Keçən il bizdə günlük evlər 60-80 manat idisə, bu gün günlük evlərimiz dağ və dağətəyi rayonlarda 100-120 manatdır. Gələn qonaqlar da əsasən dağ və dağətəyi rayonlarda, kəndlərdə evlər istəyirlər. Dəniz və dənizkənarında evlər istəyənlər də çoxdur. Lənkəranın Sütəmurdov, Şiləvar ərazisində isə evlərimizin qiyməti bu dəqiqə hal-hazırda 100-120 manatdır”.
Quba-Qusar bölgəsində də hotel və kirayə evlərin günlük qiymətləri isə 1000 manata qədər yüksəlir. Turizm işi ilə məşğul olanlar deyir ki, şimal bölgəsinin yol infrastrukturu düzəldikdən sonra tələbat artıb:
“Hotellərdə 2 nəfərlik otaqlar səhər yeməyi daxil 80-120 manat arası təklif olunur. 5 ulduzlu otellərdə isə qiymət həftəsonu üçün 220 manatdır. Kirayə evlərin qiyməti isə 50 manatdan başlayır. 5-6 otaqlı və hovuzlu villalar üçün qiymət isə min manatdır. Yol düzələndən sonra gələnlər çoxdur. İndi rahatdı deyə turist də çox gəlir. Ərəb ölkələrindən gələn müştərilərimiz də var”.