Manatlıq taksilərin taleyi necə olacaq?

İyulun 1-dən etibarən taksilərlə bağlı tətbiq ediləcək qərarlar artıq indidən özünü qiymətlərdə göstərməyə başlayıb. Bir tərəfdə taksi şirkətlərinin qiymətləri 2 qat baha etməsi, bir tərəfdə manatlıq taksilərin ləğv edilməsi, tam ortada da insanların nəfəs almağa yeri olmayan ictimai nəqliyyat problemləri əksər insanın əsas probleminə çevrlib.
Əvvəllər sürücülərin halına yanan sərnişinlər indi öz günlərinə ağlayırlar. Hələ sərnişinin ictimai nəqliyyat ilə 1 saata getdiyi yolu 20-30 dəqiqəyə başa vuran "manatlıq"ların fəaliyyətinə qoyulacaq məhdudiyyətlərin nəyə fayda verəcəyi də müəmmadır.
Bəs, görəsən, manatlıq taksilər, doğrudan da, fəaliyyətlərinin son dönəmlərindədirlər?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov öz fikirlərini "Operativ Media" ilə bölüşüb.
O deyib ki, manatlıq taksilərlə bağlı müəyyən tənzimləmələrin həyata keçirilməsi labüddür:
"Manatlıq taksilər 2000-ci ilərin əvvəllərindən bəri camaatın ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir və avtobusların bir növ alternativinə çevrilib. Manatlıq taksilərin nəqliyyatın tənzimlənmələrində kifayət qədər rolu var. Hərçənd avtobuslar üçün təyin edilmiş qiymətlərdən bahadır, ancaq "manatlıq"lara üstünlük verən şəxslərin sayı heç də az deyil. Çünki bu taksilər mahiyyət etibarilə avtobuslardan daha sürətli olaraq az zaman kəsiyində sərnişini mənzil başına çatdıra bilir. Mən hesab edirəm ki, manatlıq taksilər bir növ ekspres qatarları əvəz edir. Buna görə də onları tamamilə fəaliyyətdən çıxartmaq mümkün olmayacaq".
Sevinc İbrahimzadə