“Aİ-95” premium markalı benzin ucuz olmalıdır”.
"Operativ Media" xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, neftin qiymətinin indi 80 dollar olduğunu və “Aİ-95” markalı benzinin də ölkəyə xaricdən idxal edildiyini xatırladıb.
Ekspertin sözlərinə görə, ölkəmizdə bu markalı benzinin qiyməti 2 manata qaldırılanda dünyada neftin qiyməti 120 dollara yaxın olub: “Amma indi təqribən neft 30-40% ucuzlaşıb. Buna baxmayaraq, yenə də bizdə “Aİ-95” markalı benzin bahadır. Bu, anlaşılan deyil”.
“Aİ-95” benzinin ölkəyə, əsasən, Rumıniyadan idxal edildiyini xatırladan ekspert vurğulayıb ki, yerli istehsala başlanılsa, bu, premium markalı benzinin qiymətində ucuzlaşmaya gətirib çıxara bilər:
“Bu gün bizdə “Aİ-95” markalı benzin Gürcüstanla təqribən eyni qiymətədir. Bu da anlaşılan deyil. Azərbaycan neft ölkəsi olduğu bir şəraitdə, ciddi əlaqələri olduğu bir şəraitdə Gürcüstanla premium markalı benzinin eyni qiymətdə olması doğru deyil”.






