Sosial şəbəkələrdən necə pul qazanmaq olar?

Sosial şəbəkələr müasir dövrümüzün ayrılmaz parçasına çevirib. Hər gün həyatının hər anını öz izləyici kütləsilə paylaşan şəxslər artıq bunu qazanc əldə etmək üçün də istifadə edirlər. Sosial şəbəkələr ilə bu qədər iç-içə olduğumuz zamanda istənilən şəxsin bu imkandan yararlanaraq pul qazanmaları mümkündür.
Mövzu ilə əlaqədar “Operativ Media”ya açıqlama verən İKT İnformasiya Mərkəzinin Direktoru Fərid Kazımov bildirib ki, sosial şəbəkələr vasitəsilə insanlara təsir edərək qazanc əldə etmək artıq bir neçə ildir ki, ölkəmizdə də inkişaf edib.
Onun sözlərinə görə, bunun üçün hər hansısa bir sahəni seçib onunla bağlı videomateriallar hazırlayaraq, reklamlar edərək və s. insanlara təsir etmək mümkündür:
“Bu cür blogerlərin fəaliyyəti influens marketinq adlanır. Azərbaycanda bununla məşğul olan bir çox bloger var, ki, onlar hər hansısa məhsulu tərifləyirlər və bunun üçün müəyyən qədər ödəniş alırlar. Lakin burada önəmli məqam həmin blogerin izləyici kütləsinin çox olmasıdır. Həmçinin “Youtube” platforması üçün hazırlanan kənd həyatına aid kontentlər var. Bu cür çəkilişlər üçün xüsusi heyət olur, ssenarilər yazılır, maraqlı kənd sakinlərini layihəyə cəlb edir və gündəlik kənd işlərini ekran üçün etmələrini istəyirlər. Onların çoxu "Youtube"dan reklam və baxış vasitəsilə pul qazanırlar. Belə ki, Azərbaycanda 1000 baxış üçün qiymət 50 sentdən aşağı deyil. Bu halda 1 milyon baxışa 500 dollar qazanılarsa, bu 850-900 manat deməkdir və kifayət qədər yaxşı məbləğdir".
Ekspert qeyd edib ki, sosial şəbəkələr vasitəsilə şəxslər öz biznesini də inkişaf etdirə və qazanc əldə edə bilərlər:
“Kiminsə bərbərxanası və ya kosmetoloji mərkəzi varsa, yaxud hər hansı xidmət göstərdiyi sahə və ya məhsul varsa, onu onlayn şəkildə reklam edərək daha çox müştəri cəlb edə bilər. Bu öz real biznesinə real müştərini virtualdan dəvət etməkdir və son 10 il ərzində kifayət qədər məşhur yoldur. Azərbaycanın seqmenti kiçik olduğuna görə bizdə baxışların sayı böyük olmur, amma qlobal auditoriyaya ünvanlanan sosial şəbəkə layihələri vasitəsilə şəxs özü özünün PR-nı apara bilər.
F.Kazımov öz bacarığı olmayan şəxslərin mütəxəssisləri və ya tanınmış simaları öz layihələrinə cəlb edərək qazanc əldə edə biləcəklərini də əlavə edib.
Sevinc İbrahimzadə