Vətəndaşlar Azərbaycanda istehsal olunan bəzi məhsulların xarici ölkələrdən idxal olunan məhsullardan daha baha qiymətə satıldığını bildirirlər. Xüsusilə də yerli günəbaxan yağlarının Rusiya istehsalı günəbaxan yağlarından 2 qat yuxarı qiymətə satılmasını alıcıların çoxu müşahidə edib.
Bəs nə üçün yerli istehsal məhsullar daha bahadır?
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Eyyub Kərimli “Operativ Media”ya açıqlamasında bildirib ki, beynəlxalq təcrübədə bəzən ixracatçı ölkələrin məhsullarının daha ucuz olması qəbul edilib.
“Bu, həmin ixrac edən ölkədə məhsulun bol olmasından asılıdır. Çünki onlar özlərində çox olan məhsulun ixracı ilə məşğul olurlar. Bundan əlavə, yerli məhsulun daha çox orqanik və təbii olmasının, həmçinin onun istehsalına, emalına bəzən daha çox vəsait xərclənməsinin burada rolu var. Bunları da nəzərə alanda yerli istehsal olunan mal nisbətən yuxarı qiymətlə satışa çıxarılır. Eyni zamanda xarici ərzaqın daha çox olması və bəzən ixraca göndərilən məhsulların keyfiyyətcə yerli məhsullardan aşağı olması, yəni tərkibində müəyyən qatqıların əlavə olunması halları da müşahidə olunur”.
Ekspert qeyd edib ki, idxal olunan məhsulların keyfiyyət göstəricilərinin də qiymətə əhəmiyyətli dərəcədə təsiri var:
“Məsələn, Rusiyada, yaxud Ukraynada günəbaxan yağının bir neçə növü var. Bu o demək deyil ki, həmin ölkələrdən Azərbaycana gələn bütün məhsullar ucuzdur, çünki orada daha başqa keyfiyyətdə olan məhsullar var. Hətta bəziləri heç ölkəmizə idxal edilmir. Bu yağların qatılığı, rafini və digər keyfiyyət göstəriciləri nəzərə alınır”.
Sevinc İbrahimzadə