Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Sonuncu tədris ilində isə bu say 135 minə düşüb.
Bəs birinci sinifə gedən uşaqların azalmasının səbəbi nədir?
Bu barədə təhsil məsələləri üzrə ekspert Adil Vəliyev "Operativ Media" ilə öz fikirlərini bölüşüb.
O deyib ki, burada son dövrlər evlilik sayının azalıb, boşanmaların dəhşətli dərəcədə çoxalmasının rolu var:
"Bundan əlavə olaraq, yeni evlənənlərin bir çoxu, demək olar ki, ya övlad sahibi olmaq istəmirlər, ya da bunu müəyyən bir müddətədək ertələyirlər. Bu da, sözsüz ki, birinci sinfə gedən uşaqların sayında kifayət qədər özünü biruzə verir. Biz, ümumiyyətlə, diqqət yetirəndə görürük ki, ildən ilə məktəbə gedən uşaqların sayında azalmalar olur. Ailə arasındakı münasibətlər, həmçinin boşanmalar təhsilə aid olan statistikada ciddi şəkildə özünü göstərir. Çünki bildiyiniz kimi təhsil icbaridir və övladı olan hər bir kəs mütləq şəkildə övladını məktəbə göndərməlidir. Yox əgər bunu etmirsə, bu zaman valideyn məuliyyətə cəlb oluna bilər".
Sevinc İbrahimzadə






