İranda partlayış nəticəsində 6 nəfər ölüb

Nərmin Qocamanlı
İranda partlayış nəticəsində 6 nəfər ölüb

İranın Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Bukan Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Xidmətinin rəhbəri Rəsul Marufi təbii qaz xəttindəki sızma nəticəsində baş verdiyi ehtimal edilən partlayışla bağlı açıqlama verib.

Yanğınsöndürmə briqadalarının eyni ailədən 2-si uşaq olmaqla 6 nəfərin cəsədini çıxardığını qeyd edən Marufi, biri yanğınsöndürən olmaqla, 4 yaralının xəstəxanada müalicəsinin davam etdirildiyini bildirib.

İran rəsmisi qeyd edib ki, dağıntıların çıxarılması ilə yanaşı, axtarış-xilasetmə işləri də davam edir.

Hadisənin ilk təsbitlərə görə təbii qaz partlayışı olduğunu qeyd edən Marufi, partlayışın dəqiq səbəbinin hələlik məlum olmadığını, qaz şirkətinin mütəxəssislərinin araşdırmalarını davam etdirdiyini bildirib.

Bukan rayon qubernatoru Babahan İskəndəri də partlayışın baş verdiyi bütün binanın və bitişik iki tikilinin 70 faizinin dağıldığını bildirib.

 

Digər xəbərlər