Deputat: İşğaldan azad olunmuş torpaqlarımızda çox böyük yaşıl enerji potensialı mövcuddur

"Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə start verildi. İlk növbədə zəfər yolunun çəkilməsi, infrastrukturun bərpa olunması və İlham Əliyevin Sərəncamı ilə birinci qayıdış proqramı qəbul edildi. Birinci qayıdış dövlət proqramı çox gözəl hazırlanıb. Bu proqram xüsusi təhlillərə söykənib. Eyni zamanda mərhələli şəkildə azad olunmuş rayonlarımızda görüləcək işlərin planlı şəkildə həyata keçməsi üçün bütün vacib məsələlər bu proqramda əksini tapıb".
"Operativ Media" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
"Əlbəttə, birinci növbədə məqsəd 30 ildən çox öz ata-baba yurdundan didərgin düşən hər bir vətəndaşımızı öz doğma yurdlarına qayıtmasıdır. Bunun üçün də qeyd etdiyimiz kimi, ölkə prezidentinin birbaşa diqqətində böyük işlər həyata keçirilir. Bu məqsədlə hər il dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılır. Artıq birinci mərhələ çox uğurla həyata keçirilir. Füzuli, Ağdam, Xocalı, Laçın və digər işğaldan azad olunmuş rayonlara köçlər uğurla həyata keçirilir. Həyat həmin ərazilərə geri qayıdıb. Xankəndidə universitetimiz fəaliyyət göstərir.
Həmin ərazilərdə görülən işlərin hər birinə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Qarabağa dəfələrlə səfərlər edərək şəxsən nəzarət edirlər. İşğaldan azad olunan yerlərdə görülən işlər tanış olunur. Təməlqoyma və açılışlarda iştirak edilir. Son olaraq Ağdamda, Xocalıda və Xankəndidə prezidentimizin səfərləri, oradakı açılışlar və təməlqoyma mərasimlərində iştirakı vətəndaşlarımızda sevinc və inam yaradır.
Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur rayonları iqtisadi baxımından çox böyük potensiala malikdir. Bu rayonlarda həm Şərqi Zəngəzurda, həm də Qarabağda turizm üçün böyük imkanlar mövcuddur və bu sahədə artıq fəaliyyətə başlanılıb. Eyni zamanda, sənaye sektorunun inkişaf etdirilməsi və sənaye parklarının salınması, soydaşlarımızın işlə təmin olunması üçün əsas istiqamətlərdən biridir.
Çox yaxın gələcəkdə soydaşlarımızın öz yurdlarına qayıtması prosesi daha sürətlənəcək. İş yerlərinin yaradılması və soydaşlarımızın işlə təmin edilməsi üçün bütün tədbirlər görülür. İşğaldan azad olunmuş rayonlarda sahibkarlara vergi güzəştləri təmin olunur. Bu da stimul verici amillərdən biridir. İşğaldan azad olunmuş torpaqlarımızda çox böyük yaşıl enerji potensialı mövcuddur. Həmin rayonlarımız külək və günəş işığı ilə zəngindir. Bu istiqamətdə də layihələr həyata keçirilir.
Görülən işlərin əsas məqsədi, birinci növbədə vətəndaşlarımızın həyat şəraitinin tam şəkildə təmin olunmasıdır. Eyni zamanda, işğaldan azad edilmiş iqtisadi rayonlarımızın yaxın gələcəkdə ölkə iqtisadiyyatına inteqrasiyası bərpa olunacaq. Bu da həm vətəndaşlarımıza, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verəcək".