Maksim Medvedev: "Əcnəbi məşqçilərdə effekt görmürük"
Əziz Əzizli
Azərbaycan millisinin və "Qarabağ" klubunun təcrübəli futbolçusu Maksim Medvedev əcnəbi baş məşqçilərin komandaya təsiri barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, o, bu haqda "İctimai" TV-də yayımlanan "Off Top" verilişində danışıb.
O, hazırkı vəziyyətdə xarici mütəxəssislərin effektiv nəticə vermədiyini bildirib.
"Hal-hazırda əcnəbi məşqçilərdə effekt görmürük. İstər Canni De Byazi, istərsə də Fernandu Santuşun rəhbərliyi altında keçirilən oyunlarda xüsusi fərqlənən bir məqam olmayıb. De Byazinin dövründə müəyyən nəticələr əldə olunsa da, oyun baxımından ciddi dəyişiklik müşahidə etmirdik. Onun dediklərini yerinə yetirməyə çalışırdıq, lakin gözləntilərimiz doğrulmurdu.
Buna baxmayaraq, Robert Prosineçki fərqli bir yanaşmaya sahib idi. O, müdafiədən dəqiq ötürmələrlə çıxmağımızı istəyirdi və bizə arxayınçılıq, rahatlıq verirdi. Onun dövründə nəticələr də daha yaxşı idi, oyun da maraqlı görünürdü. Məsələn, Kanada ilə rahat oynayırdıq. Lakin bu gün Belarusla belə hansı futbolu oynadığımız bəlli deyil.
Mənə elə gəlir ki, yerli baş məşqçi təyin olunsaydı, futbolçuları yaxından tanıyan biri olsaydı, daha yaxşı nəticələr əldə edə bilərdik," – deyə Maksim Medvedev fikrini tamamlayıb.