Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağını proqnozlaşdırır.
Operativ Media xəbər verir ki. bu barədə Asiya İnkişaf Bankı məlumat verib.
Əvvəlki qiymətləndirmələrlə müqayisədə cari il üçün ÜDM artım tempi proqnozu 0,8 faiz bəndi yaxşılaşdırılıb.
Beləliklə, AİB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 % səviyyəsində qiymətləndirir.
Eyni zamanda, Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələrində zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlamasını gözləyir: 2024-cü ildə regionda artım 5,7 % təşkil edibsə, 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə düşəcəyi proqnozlaşdırılır.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 % səviyyəsində gözlənilir, ölkənin Mərkəzi Bankı isə bunu 3,3 % qiymətləndirir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir. “S&P Global” illik 2 % səviyyəsində artım, “Fitch Ratings” 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5% artım proqnozlaşdırır, Dünya Bankı isə müvafiq olaraq 2,7 % və 2,4 % gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, lakin 2025-ci ilin yanvar-fevral aylarında artım tempi 0,2 %-dək yavaşlayıb.