Tovuzda yeni azarkeş qrupu yaradıldı
Tovuz futbol ictimaiyyətində yeni bir hərəkat başlayır. Bakı və Tovuzda yaşayan, "Turan Tovuz" klubuna könüldən bağlı bir qrup azarkeş tərəfindən təsis olunan “The Hunans” azad azarkeş qrupu rəsmi olaraq fəaliyyətə başladığını elan edib.
Operativ Media xəbər verir ki, yeni yaranmış qrupun məqsədi "Turan Tovuz" klubuna həm ev, həm də səfər oyunlarında daha sistemli və təşkilatlanmış şəkildə dəstək göstərmək, eyni zamanda ölkənin futbol tribunalarında nüfuzlu və güclü bir azarkeş modeli formalaşdırmaqdır.
“The Hunans” qrupunun bəyanatında bildirilib ki, qrup tamamilə müstəqil şəkildə fəaliyyət göstərəcək, klubdan maliyyə dəstəyi almayacaq və fəaliyyətini üzvlərinin könüllü töhfələri hesabına davam etdirəcək. Artıq qrupun strukturu formalaşıb, müxtəlif istiqamətlər üzrə koordinatorlar təyin olunub.
Qrup nümayəndələrinin verdiyi məlumata görə, bu təşəbbüs heç bir qarşıdurma və ya mövcud tribunadan ayrılma məqsədi daşımır. Əksinə, Turan tribunalarının inkişafına və klubun daha güclü dəstəklə irəliləməsinə xidmət etməyi qarşısına məqsəd qoyur.
“The Hunans” yaradıcı üzvlərinin sözlərinə görə, bu təşəbbüs Tovuz azarkeş mədəniyyətinin yeni mərhələyə keçidi və tribunaya daha çox dinamizm qatacaq bir addımdır.