Bakının 9 rayonunda məişət tullantılarının yığılması icra olunur
Paytaxtın 9 rayonunda - Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonlarında bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi icra olunur.
Bu barədə Operativ Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, işlərin gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Mütəxəssislərin mütəmadi olaraq apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirilməsini göstərir.
Görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasına 2022-ci ilin sentyabrında başlanılan Xətai rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 21-24 ton təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Xətai rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 164 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olmuşdur.