Azərbaycanın 3 güləşçisi dünya reytinqində liderdir
Əziz Əzizli
Dünya Güləş Birliyi (UWW) yeni reytinq cədvəlini açıqlayıb.
Operativ Media xəbər verir ki, reytinqə əsasən, Azərbaycanın üç yunan-Roma güləşçisi öz çəki dərəcələrində liderliyini davam etdirir. Qeyri-olimpiya çəki dərəcələrində son dünya çempionatının qalibləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvi Qənizadə (72 kq) ilk pillədə qərarlaşıblar.
Son Avropa çempionu Həsrət Cəfərov (67 kq) ikinci, digər Avropa çempionu Qurban Qurbanov (82 kq) üçüncü yerə yüksəlib.
Sərbəst güləşdə Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni üçüncü yerə yüksələn 2024-cü il Olimpiadasının bürünc mükafatçısı və son Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) göstərib.
İlk 5-likdə həmçinin sərbəst güləşçilər Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Paris-2024-ün bürünc mükafatçısı Maqomedxan Maqomedov (97 kq), klassik güləşçi Sənan Süleymanov (77 kq) yer alıb. Onların hamısı 4-cü yerdə qərarlaşıb.