Ruslan Əmircanov: "Real" akademiyasında gördüklərim məni hədsiz dərəcədə təəccübləndirdi"

"Real" akademiyasında gördüklərim məni hədsiz dərəcədə təəccübləndirdi".
Bunu Operativ Media-ya açıqlamasında "Atletiko Madrid" və "Real Madrid" klublarının akademiyasında qonaq olan "Araz-Naxçıvan"ın U-19 komandasının məşqçisi Ruslan Əmircanov deyib.
Ruslan Əmircanov səfərinin məqsədlərindən danışıb.
"İspaniyaya səfərimin məqsədlərindən biri “El Klassiko” oyununu izləmək idi. Üç gün Barselona şəhərində qaldıqdan sonra Madridə yollandım. Orada "Atletiko Madrid" klubunun akademiyasında çalışan azərbaycanlı mütəxəssis Əbülfəz Hacızadənin təşəbbüsü ilə U-17 komandasının məşq prosesini izlədim. Əbülfəz Hacızadə klubun U-17 komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışır. Həmin gün komandanın fiziki hazırlıq (fitnes) günü idi. "Atletiko Madrid"in əsas komandası hansı sistemlə işləyirsə, aşağı yaş qruplarında da eyni taktikanı, eyni düzülüşü və eyni sərt mübarizəni görmək mümkündür".
Gənc mütəxəssis "Real Madrid" klubunun akademiyasında da olub
"Daha sonra biz Madridin "Real" klubunun akademiyasına yollandıq. Orada U-14 komandasının məşqini izlədik. Orada isə vəziyyət tamamilə fərqlidir. Səviyyə fərqi dərhal hiss olunur. Bazanın hava şəraitinə uyğun yer seçimi, 10-u təbii, 2-si süni örtüklü olmaqla 12 stadionun mövcudluğu bu işə peşəkar yanaşmanın göstəricisidir. Həm U-11, həm də U-14 komandasının məşqlərini izlədim. Söhbət zamanı öyrəndim ki, 14 yaşlı futbolçular arasında ən az maaş alan futbolçu ayda 2000 avro qazanır. U-14 komandasının istedadlı kapitanı var. Gələcəyin Messisi adlandırırlar onu. Onun illik qazancı isə 250 min avrodur".
Əmircanov aşağı yaş qruplarıdakı məşqçilərin işindən də danışıb.
"U-14 komandası ilə 3 fiziki hazırlıq məşqçisi, 3 analitik, baş məşqçi və onun 3 köməkçisi çalışır. Meydanda məşqçilərin sayı gözə çarpacaq qədər çoxdur. Məşqçilər hər şeyi dəqiqliklə izah edir, sanki böyüklərdən ibarət komandaya rəhbərlik edirlər. Onlar futbolçulara ötürmə verməyi, driblinqi və top qəbul etməyi öyrətmirlər. Bu bacarıqlar fərdi məşqlərdə inkişaf etdirilməlidir. Məşqçilər yalnız taktiki məşqləri keçirlər. Burada məşq prosesi saat kimi işləyir, hər şey dəqiqliklə yerinə yetirilir. Klub məşqçiləri futbolçulara fərdi məşqçilərin vacibliyini izah edir. Çünki top qəbulu, ötürmə və driblinq kimi texniki bacarıqlar fərdi qaydada inkişaf etdirilməlidir. Onların fikrincə, bu cür bacarıqlar uşaqlıqdan öyrədilməlidir. Burada 10 yaşından etibarən taktiki gedişlər tədris olunmağa başlayır. Halbuki Azərbaycanda 9-10 yaşlı uşaqlara deyirlər ki, top aparmaq üçün hələ tezdir, indi təməl qoyulur. Bizdə təməl texnikası öyrədilən yaşda burada artıq taktiki hazırlıq başlanır. U-11 komandasının oyununu izləyərkən sanki "Real"ın əsas komandasının oyununa baxırsan. Gördüklərim məni hədsiz dərəcədə təəccübləndirdi".