
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 34-cü turunun 2 oyunu ilə bağlı cəzaları açıqlayıb.
Operativ Media xəbər verir ki, “Kəpəz” – “Sumqayıt” oyununda 6 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib.
Matç zamanı “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal mövsümdə 4-cü dəfə təkrarlanıb. Buna görə, gəncəlilər daha 1000 manat xərcə düşüb. Bundan başqa azarkeşlərin pirotexniki vasitədən istifadəsi “Kəpəz”ə əlavə 1500 manata başa gəlib.
Qarşılaşmanın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev 2-si şərti olmaqla 4 oyunluq cəzalanıblar, klub ümumilikdə 6000 manat cərimələnib. Onlara 3 aylıq sınaq müddəti təyin edilib.
“Sabah” – “Şamaxı” görüşündə isə Əsasnamənin tələbləri pozulub. Bu, “Sabah”ın 500 manat cərimələnməsinə səbəb olub.