Xaricdən gətirilən bitkilər ölkə mühitinə necə uyğunlaşdırılır?
Xaricdən gətirilən bitkilər artıq ölkə ərazisinin müxtəlif guşələrində, parklarda və yol kənarlarında rastımıza çıxır. Bu bitkilər əsasən estetik və təsərrüfat məqsədilə idxal edilir və yerli floraya yeni rənglər qatır. Lakin xaricdən gətirilən bu bitkilərin ölkə iqliminə və mühitinə uyğunlaşdırılması müəyyən çətinliklər yaradır.
Bəs xaricdən gətirilən bitkilər ölkə iqliminə necə uyğunlaşdırılır?
Mövzu ilə bağlı botanist Ülviyyə Quliyeva Operativ Media-ya açıqlama verib.
Botanist bildirir ki, xaricdən gətirilən ev və çöl bitkilərinə baxım fərqlidir:
"Yol kənarlarında rast gəldiyimiz bitkilərin çoxu xaricdən gətirilən növlərdir və artıq burada yetişdirilərək, yerli hava şəraitinə uyğunlaşdırılıb. Şam ağacları və leandrlar bu bitkilərdən ən çox rast gəlinənlərdəndir. Lakin leandrlar zərərli bitki hesab olunsa da, görünüşü cazibədar və dözümlü olduğundan, onların gülləri uzun müddət çiçəklədiyi üçün əksər parklarda və yol kənarlarında istifadə olunur.
Xaricdən gətirilən ev bitkilərinə baxım çöl bitkilərindən daha çətindir. Müxtəlif metodlarla xarici çöl bitkiləri yerli mühitə uyğunlaşdırılsa da, ev bitkiləri çox zaman çətinlik yaradır. Çünki bir çox xarici bitki burada baha qiymətə satılır və onlar gətirilərkən müxtəlif preparatlarla müalicə olunur. Bu preparatlar arasında gücləndirilmiş vitaminlər, yarpaq təravətləndirici spreylər və digər vasitələr var. Alıcılar bu bitkiləri baha qiymətə aldıqda, əksər hallarda onlardan şikayət edirlər. Çünki bitki zamanla əvvəlki gözəlliyini itirir. Bunun səbəbi bitkilərin satışa təqdim edilməzdən əvvəl üzləşdikləri müalicə prosesləridir. Evə gətirilən bitkilər yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər.
Ülviyyə Quliyeva qeyd edib ki, bitkilərə xüsusi qulluq göstərilməlidir: "Həmçinin, bitkinin əvvəl necə qulluq olunduğu da böyük əhəmiyyət daşıyır. Çünki bir bitkidə istifadə edilən preparatlar, başqa bir bitki ilə əvəz edildikdə, yanma və ya digər zərərli təsirlər meydana gələ bilər.
Bakıda artıq yerli şəraitə uyğun yetişdirilən ev bitkiləri daha çox tələbat görür. Bu bitkilər Bakının havasına uyğun olduğu üçün daha uzun müddət sağ qalır və daha sağlam olur. Xarici və yerli bitkilər isə quruluşuna görə fərqlənir və bu onların baxımı ilə bağlı fərqliliklərə səbəb olur".