
“Çempionlar Liqasında maksimum nəticə hədəfləyirik”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın təcrübəli mütəxəssisi Qurban Qurbanov “Qarabağ” klubunun hazırda keçirdiyi təlim-məşq toplanışı və qarşıdakı hədəflərlə bağlı İdman TV-ə verdiyi müsahibədə deyib.
Qurbanov bildirib ki, komanda artıq 6 gündür hazırlıqlara başlayıb və bu mərhələdə əsas məqsəd futbolçuların formaya düşməsidir:
“Bu gün ümumi hazırlıqdan razı qala bilmərik. Çünki futbolçuların tam formaya düşməsi üçün vaxt lazımdır. Lakin ümumilikdə məşqlər pis getmir. Futbolçular yeni istəklə, yeni motivasiya ilə komandaya qoşulublar. Qurduğumuz plan üzrə məşqləri davam etdiririk. Hələlik hər şey düşündüyümüz kimi gedir".
Baş məşqçi eyni zamanda transfer çalışmalarına da toxunub. O qeyd edib ki, klub bir sıra futbolçularla danışıqlar aparır:
“Danışıqlar apardığımız futbolçuların sayı çoxdur. Bir neçəsi ilə daha ciddi müzakirələr gedir. Təəssüf ki, bu danışıqlar tam istədiyimiz istiqamətdə irəliləmir. Xüsusilə daha çox diqqət ayırdığımız futbolçular var ki, onlar digər çempionatlardan və daha yaxşı təkliflər gözləyirlər. Bu da bizim işimizi çətinləşdirir. Günümüzün 3-4 saatını transfer məsələlərinə ayırırıq".
Qurbanov “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı əsas məqsədindən də söz açıb:
“Hədəfimiz hər zamankı kimi maksimum nəticə əldə etməkdir. Bu mərhələdə əsas məqsədimiz Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqdır. Qarşıdakı rəqiblərimizin çempionatları bizə uyğun deyil, lakin həmin ölkələrin komandaları ilə əvvəllər qarşılaşmışıq. İndi isə həmin oyunlara hazırlaşmağa başlamışıq – analiz edir, rəqibləri daha yaxından tanımağa çalışırıq.”
Xatırladaq ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 22–23 iyul, cavab qarşılaşmaları isə 29–30 iyul tarixlərində keçiriləcək.