Peşə məktəblərinə tələbə qəbuluna start verilib

Şəfa Hüseynli
Peşə məktəblərinə tələbə qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə 2025-2026-cı tədris ili üzrə tələbə qəbuluna başlanılıb.

Bu barədə Operativ Media-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul – 11 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 11 avqust 18:00-dır.

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 24 280 dövlət sifarişli 8340-ı isə ödənişlidir.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Digər xəbərlər